YAP Səbail rayon təşkilatının Gənclər Birliyi sosial aksiya keçirib
Bakı, 14 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) həm COVID-19 koronavirus pandemiyası ilə əlaqədar respublika ərazisində elan olunmuş karantin dövründə, həm də Vətən müharibəsi günlərində daim vətəndaşları narahat edən problemləri diqqət mərkəzində saxlayır. Əhalinin həssas təbəqəsinə aid olan, xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara, o cümlədən ahıllara, tənha xəstələrə, kimsəsizlərə, aztəminatlı ailələrə, şəhid və veteran ailələrinə, əlillərə lazımi qayğı göstərir.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu torpaqlarımızın işğaldan azad olunması və Azərbaycanın möhtəşəm tarixi qələbəsi ilə nəticələnən İkinci Qarabağ, Vətən müharibəsi dövründə partiya Vətən uğrunda döyüşərək canlarından keçən şəhidlərimizin ailələrini, sağlamlığını bu müqəddəs amal uğrunda qurban verən qazilərimizi və hərbi xidmətdə olan əsgər-zabitlərimizin ailələrini daim xüsusi diqqət mərkəzində saxlayır.
YAP Səbail rayon təşkilatı Gənclər Birliyinin üzvləri bu çərçivədə növbəti humanitar aksiya həyata keçirib. Gənclər, hərbi xidməti davam edən Səbail rayonunun sakininin ailəsinə baş çəkiblər və pandemiya ilə mübarizə üçün ölkədə elan olunmuş sərt karantin rejimi ilə əlaqədar əsgərin körpəsinə gündəlik qidalanma və qulluq vasitələrini çatdırıblar.