Yapon dənizi sahillərində güclü qar və qasırğa davam edir
Tokio, 8 yanvar, AZƏRTAC.
Yapon dənizi sahillərində güclü qar yağması nəticəsində həmin bölgədə qar örtüyü artmaqda davam edir. Eyni zamanda, Yaponiyanın şimal rayonlarında güclü küləyin əsəcəyi də proqnozlaşdırılır.
AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, Yapon dənizi sahillərində müşahidə edilən qış fəslinə uyğun aşağı atmosfer təzyiqi güclü qar yağmasına səbəb olub.
Sinoptiklər bildirirlər ki, xüsusən qarşıdakı istirahət günlərində Hokuriku regionundakı dağlıq ərazilərdə güclü qar yağıntısı davam edəcək. Bildirilir ki, cümə günü yerli vaxtla saat 12:00-dək Toyama prefekturasının Takaoka şəhərində qarın qalınlığı 59 santimetrə çatıb.
Həmin gün saat 11:00-a olan məlumata görə, Niiqata prefekturasının Zyoetsu şəhərində 112 santimetr, Aomori prefekturasının eyni adlı şəhərində 91 santimetr, Toyama şəhərində isə 72 santimetr qalınlıqda qar qeydə alınıb.
Meteoroloqlar istirahət günlərində Yapon dənizi boyunca aşağı bölgələrdə, həmçinin Sakit okeanın sahillərində yerləşən dağlıq ərazilərdə güclü qar yağacağını proqnozlaşdırırlar.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio