DÜNYA
Yaponiya hökuməti koronavirusa qarşı mübarizə haqda qanun layihələrini təsdiq edib
Tokio, 22 yanvar, AZƏRTAC
Yaponiya Nazirlər Kabineti koronavirusa qarşı mübarizəni daha səmərəli etməyə yönəlmiş qanun layihələrini təsdiq edib.
AZƏRTAC Yaponiya kütləvi-informasiya vasitələrinə istinadla xəbər verir ki, Koronavirus İnfeksiyasına Qarşı Tədbirlər barədə Xüsusi Qanuna, Yoluxucu Xəstəliklərə Nəzarət haqqında Qanuna, həmçinin Karantin barədə Qanuna Nazirlər Kabinetinin yanvarın 22-də keçirilən iclasında yenidən baxılıb.
Qanunlara təklif edilən əlavələr arasında antivirus tədbirlərinə əməl etməkdən imtina edən şəxslərin iştirakı ilə təşkil edilən yığıncaqların iştirakçılarının cəzalandırılması nəzərdə tutulur. Koronavirus İnfeksiyasına Qarşı Tədbirlər barədə Xüsusi Qanuna əlavələr isə prefekturaların qubernatorlarına əlavə səlahiyyətlər verir və onlar bundan mərkəzi hökumət fövqəladə vəziyyət elan etməzdən əvvəl istifadə edə bilərlər. Belə ki, qubernatorlara şirkətlərdən onların iş saatlarının dəyişdirilməsini xahiş etmək səlahiyyəti veriləcək. Həmin xahiş rədd edildikdə qubernatorlar müvafiq sərəncam vermək və yerlərdə təftiş təşkil etmək hüququna malik olacaqlar.
Bu sərəncamları icra etməkdən imtina edən şirkətləri fövqəladə vəziyyət rejimi şəraitində 5 min dollaradək, həmin rejim elan edilmədiyi halda 3 min dollaradək cərimə gözləyir. Təftişə qarşı çıxan şirkətləri isə 2 min dollaradək cərimə gözləyəcək.
Qanuna təklif edilən dəyişiklikləri əks etdirən layihələrə görə, həmçinin mərkəzi və yerli hökumətlərə iş saatını qısaltmaq məcburiyyətində olan şirkətlərə maliyyə yardımı göstərmək səlahiyyəti də veriləcək.
Yoluxucu Xəstəliklərə Nəzarət haqqında Qanuna təklif edilən əlavələr qubernatorlara yoluxmuş şəxslərdən xüsusi ayrılmış obyektlərdə qalmağı xahiş etmək səlahiyyəti verir.
Karantin barədə Qanuna təklif edilən əlavələr isə rəsmi şəxslərin Yaponiyaya xaricdən gələnlərdən 14 gün ərzində sərbəst şəkildə karantində qalmasını xahiş etməsini əks etdirir. Bu tələbi yerinə yetirməyənlərə qarşı isə bir ilədək azadlıqdan məhrum etmə cəzası və ya 10 min dollar cərimə tətbiqi nəzərdə tutulur.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio