Yaponiya Karlos Qonun həbsi ilə əlaqədar BMT-nin işçi qrupunun hesabatından təəssüfləndiyini bildirib
Tokio, 24 noyabr, AZƏRTAC
Yaponiya Xarici İşlər Nazirliyi (XİN) diplomatik kanallar vasitəsilə “Renault - Nissan - Mitsubishi” avtomobil alyansının sabiq rəhbəri Karlos Qonun həbsi ilə əlaqədar yaranmış vəziyyət barədə BMT-nin işçi qrupunun hazırladığı hesabatdan kəskin təəssüfləndiyini bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb. Bildirilir ki, BMT-nin işçi qrupunun hesabatında 2018-ci ilin sonlarında K.Qonun həbsi əsassız hesab olunur. Bunun cavabında Yaponiya XİN diplomatik kanallar vasitəsilə bildirib ki, hesabatın müəllifləri Yaponiya qanunlarının özünəməxsus cəhətlərini tamamilə nəzərə almayıblar.
Agentliyin bildirdiyinə görə, BMT-nin işçi qrupunun hesabatı qiymətləndirmə xarakterinə malikdir və Yaponiya tərəfini hər hansı tədbir görməyə məcbur etmir.
Fransa, Braziliya və Livan vətəndaşlığına malik olan K.Qon, 2018-ci il noyabrın 19-da Tokio prokurorluğu tərəfindən həbs olunub. İstintaqın məlumatına görə, o, 2010-2018-ci illərdə “Nissan” şirkətinin direktorlar şurasının sədri olduğu zaman aldığı 9 milyard yen (təqribən 80 milyon dollardan çox) məbləğində mükafatı düzgün şəkildə bəyan etməyib. Burada söhbət, o, şirkətdən ayrıldıqdan sonra işdənçıxma təqaüdü olaraq ona ödənilmiş məbləğdən gedir. Belə ki, Yaponiya qanunvericiliyinə əsasən, K.Qon bu barədə məlumatı maliyyə bəyannaməsinə daxil etməli idi.
2019-cu ilin aprelində K.Qon həbsdən azad edilərək, böyük məbləğdə girov müqabilində ev dustağı edilib. Lakin dekabrın sonlarında o, qanunsuz olaraq xüsusi təyyarə ilə Yaponiyadan Türkiyəyə və oradan Livana qaçıb. 2020-ci il yanvarın 8-də Beyrutda keçirilən mətbuat konfransında K.Qon Yaponiya rəsmilərini və “Nissan” şirkətinin rəhbərlərini ona qarşı əlbir olmaqda günahlandırıb. Yaponiya prokurorluğunu və məhkəmə sistemini də sərt tənqid edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio