YAPONİYA KURİL ADALARININ QAYTARILMASINA ÇALIŞIR
Bu bəyanatlar Tokioda Ümummilli qurultayda verilmişdir. Qurultay hər il fevralın 7-də - ölkədə Şimal əraziləri günü qeyd edilərkən keçirilir. Adətən, qurultaya Yaponiyanın aparıcı siyasətçilərinin əksəriyyəti qatılır. Lakin Baş nazir Dzünitiro Koidzumi artıq ikinci ildir ki, qurultayın işində iştirak etmir. Keçən il o, xəstələndiyinə görə tədbirə gələ bilməmiş, lakin iştirakçılara müraciət göndərərək, Moskva ilə adalar barədə razılığa gəlməyə söz vermişdir. Bu il Koidzumi qurultayın iştirakçılarına hətta müraciət də göndərməmişdir. Baş nazirin mətbuat xidməti bunu onun parlamentdə bərk məşğul olduğu ilə əsaslandırmışdır.
Ənənəyə uyğun olaraq, həmin gün millətçilər Rusiyanın Tokiodakı səfirliyi qarşısında etiraz aksiyası keçirərək, bu ölkə əleyhinə şüarlar söyləmişlər. Elə həmin vaxt buna cavab olaraq Yujno-Saxalinskdə Yaponiya konsulluğu yanında piket keçirilmişdir. Piket iştirakçılarının özləri ilə gətirdikləri plakatlarda yazılmışdı: “Rusiya yağlı kökə deyil və tikələrə bölünmür”, “Yaponlar, xam xülyalara qapılmayın”.
Yaponiyada “Şimal əraziləri”, Rusiyada isə “Kuril adaları” adlandırılan ərazi üstündə mübahisə 60 ildən çoxdur ki, iki ölkə arasında münasibətlərdə qanqaralığı yaradır. Dörd adanın - Kunaşir, İturup, Şikotan və Xabomai sovet ordusu tərəfindən işğal olunduğu vaxtdan bəri Yaponiya onların qaytarılmasını tələb edir. Adalar problemi ona gətirib çıxarmışdır ki, Rusiya və Yaponiya indiyədək sülh müqaviləsini imzalamamışlar.
Xatırladaq ki, yaponlar arxipelaqın cənubundakı bir qrup ada üstündə Çin ilə də çoxdan mübahisə aparır.