Yaponiya parlamenti imperator ailəsi ilə bağlı qanunu qüvvədə saxlayıb
Bakı, 17 iyul, AZƏRTAC
Yaponiya parlamenti imperator ailəsinin davamlılığını təmin etmək məqsədilə İmperator Evi Qanununa dəyişiklik edərək taxt-tacın yalnız kişi xətti üzrə varislik prinsipini qüvvədə saxlayıb.
AZƏRTAC Kyodo informasiya agentliyinə istinadla xəbər verir ki, taxt-tacın qadınlara verilməsinə geniş ictimai dəstəyin olmasına baxmayaraq, Xrizantema taxta yalnız kişi varislərin çıxa biləcəyinə dair qüvvədə olan prinsipi saxlayıb. Bundan başqa, imperator ailəsinin qadın üzvləri adi vətəndaşlara ərə getdikdən sonra da statuslarını qoruyacaqlar.
Qanun imperator ailəsində kişi varislərin sayının artırılmasına yönəlib. Bununla yanaşı, qanun dəyişikliyi imperator Naruhitonun qızı şahzadə Aikoya və imperator ailəsinin digər qadın üzvlərinə taxt-taca varislik hüququ vermir. Hazırda taxtın yeganə gənc varisi imperator Naruhitonun qardaşı oğlu, 19 yaşlı şahzadə Hisahitodur. Gələcəkdə onun kişi övladı olmadığı təqdirdə, taxt-taca varislik məsələsinin yenidən gündəmə gələcəyi gözlənilir.