Yaponiya və ABŞ ikitərəfli ittifaqı daha da möhkəmləndirmək niyyətindədirlər
Tokio, 27 yanvar, AZƏRTAC.
Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi və ABŞ-ın yeni təyin edilmiş dövlət katibi Entoni Blinken iki ölkə arasında ittifaqı möhəmləndirmək üçün birgə fəaliyyəti gücləndirmək barədə razılığa gəliblər. Eyni zamanda, tərəflər arasında azad və açıq Hind-Sakit okean regionunun yaradılması istiqamətində əməkdaşlığı gücləndirmək barədə də müzakirələr aparılıb.
AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə razılıq Yaponiya və ABŞ diplomatik idarələrinin rəhbərləri arasında E.Blenkin dövlət katibi kimi and içdikdən bir neçə saat sonra baş tutan telefon danışığı zamanı əldə edilib.
T.Moteqi Yaponiya hökumətinin ABŞ-ın iki ölkə arasında təhlükəsizlik barədə Müqavilənin 5-ci maddəsinin Senkaku adalarına şamil edilməsi barədə mövqeyini yüksək qiymətləndirdiyini bildirib. Həmin maddə Yaponiyanın inzibati nəzarəti altında olan ərazilərinin ABŞ tərəfindən müdafiəsi barədə öhdəliyi təsdiq edir. E.Blinken bəyan edib ki, ABŞ-ın həmin məsələ ilə bağlı mövqeyi dəyişməzdir.
Yaponiyanın xarici işlər nazirinin yaxın zamanlarda ABŞ-a səfərinin təşkili barədə razılığa gələn tərəflər bir sıra məsələlərin üz-üzə müzakirəsi üçün tezliklə görüşməyi də qərara alıblar.
Telefon danışığından sonra T.Moteqi bildirib ki, o, E.Blinken dövlət katibi təsdiq edildikdən sonra onun danışıqlar apardığı ikinci xarici işlər naziridir. ABŞ dövlət katibi birinci olaraq kanadalı həmkarı ilə müzakirələr aparıb.
Yaponiyalı nazir qeyd edib ki, bu, ABŞ-ın yeni Prezidentinin Yaponiya-ABŞ ittifaqına nə qədər önəm verdiyini bir daha təsdiq edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio