Yaponiyada keçirilən təlimlərdə azərbaycanlı hüquqşünaslar da iştirak ediblər
Tokio, 25 yanvar, AZƏRTAC
Yaponiya Xarici İşlər Nazirliyinin “Miray” proqramı çərçivəsində təşkil olunan təlimlərdə azərbaycanlı hüquqşünaslar da iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiya Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (JICE) təşkilatçılığı ilə keçirilən bu təlimlərə Qafqaz ölkələrindən və Orta Asiyadan gəlmiş 40-a yaxın hüquqşünas və hüquq fakültələrində təhsil alan tələbələr qatılıblar.
Təlimlərin məqsədi barədə AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məlumat verən JICE-nın icraçı direktorunun müavini xanım Yoşine Kazuko deyib: “Bizim mərkəz Yaponiya Xarici İşlər Nazirliyinin təşkil etdiyi beynəlxalq layihələri həyata keçirir. Hüquqşünaslar üçün nəzərdə tutulan “Miray” proqramı bu layihələrdən biridir. Ötən il təsis edilən bu proqram çərçivəsində 2019-cu il yanvarın 16-dan 23-nə qədər təlimlər keçirildi. Azərbaycandan gələn hüquqşünaslardan ibarət qrup ilk dəfədir ki, bu təlimlərdə iştirak edirdi. Proqramının iki əsas məqsədi var - birincisi Yaponiya qanunlarını və mədəniyyətini bu ölkələrin nümayəndələrinə tanıtmaq, ikincisi isə qanunvericilik və hüquq məsələləri ilə əlaqədar öz obyektiv düşüncələrimizi onlarla bölüşmək. Doğrusunu deyim ki, Qafqazdan və Orta Asiyadan gələn iştirakçılar arasında azərbaycanlılar fəallıqları ilə seçilirdilər. Həm Tokioda keçirilən qanunvericiliklə əlaqədar təlimlərdə, həm də Kioto və Hiroşima şəhərlərindəki mədəniyyət proqramlarında onlar çoxlu suallar verirdilər və fəal idilər. Deyə bilərəm ki, Yaponiyada olduqları günlər ərzində çoxlu sayda yeniliklərlə tanış oldular”.
Təlimlərdə iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvləri də səfərlə bağlı fikirlərini AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbiri ilə bölüşüblər. Sumqayıt İnzibati-iqtisadi məhkəməsinin hakimi Zahid Məmmədov bildirib ki, “Miray” proqramı çərçivəsində əldə etdikləri təcrübə təsdiq edir ki, müxtəlif ölkələrin cinayət-prosessual qanunvericiliyində oxşar cəhətlərlə yanaşı, fərqli cəhətlər də var. Qaşılıqlı səfərlər, təlimlər və təcrübə mübadiləsi iştirakçı ölkələrdə bu sahənin inkişafına mühüm təsir göstərir.
Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Səbuhi Əliyev isə deyib ki, təlimlər zamanı Azərbaycan qanunvericiliyi barədə təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb. Qeyd edib ki, təqdimatda Yaponiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın perspektivləri, Azərbaycana qoyulacaq investisiyaların hüquqi müdafiəsi barədə də geniş məlumat verilib.
Təlimlərdə iştirak edən Vəkillər Kollegiyası aparatının rəhbəri Fərhad Nəcəfov, ADA Universitetinin magistri Aydan Məmmədova və tələbə Pünhan Şükürov da təlimlər barədə təəssüratlarını bölüşüblər. Bildiriblər ki, bu cür təlimlər həm təcrübə mübadiləsi, həm də iki ölkə arasında əlaqələrin inkişafı, mədəni mübadilə baxımından çox əhəmiyyətlidir.
JICE-nin nümayəndəsi xanım Yoşine Kazuko bu proqramların gələcəkdə davam etdiriləcəyini bildirib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio