“Yaradıcı müəllim” təqdimat müsabiqəsinin şəhər turu keçirilir
Bakı, 18 noyabr, AZƏRTAC
Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təşkil olunmuş “Yaradıcı müəllim” mövzusunda təqdimat müsabiqəsinin final (şəhər) mərhələsi keçirilir.
Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Bildirilib ki, paytaxt müəllimləri üçün nəzərdə tutulan müsabiqənin şəhər turunda müəllimlər müraciət etdiyi mövzunu Münsiflər heyəti və dinləyicilərə 15 dəqiqəlik interaktiv çıxış formatında təqdim edirlər.
Təqdimatların qiymətləndirilməsi zamanı mövzunun aktuallığı, yeniliyi, təqdimetmə forması, istifadə olunmuş ədəbiyyat, nitq və fikri sərbəst ifadə etmək bacarığı, vaxtın düzgün idarəolunması, mövzuya uyğun müasir texnoloji vasitələrdən istifadə əsas meyarlar kimi götürülür. Hər bir meyar üzrə iştirakçıya 5 bal verilir.
Müsabiqənin nəticəsinə əsasən, 14 müəllim (3 nəfər I, 3 nəfər II, 3 nəfər III, 5 nəfər isə həvəsləndirici yer) qalib seçiləcək.
Qaliblərə BŞTİ tərəfindən diplom, tərifnamə və hədiyyələr təqdim olunacaq. Qeyd edək ki, müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik yaradıcı, yenilikçi müəllimləri aşkara çıxarmaq, təhsilverənlərin nəzəri və təcrübi biliklərini digər müəllimlər arasında yaymaq, eyni zamanda, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti daha da artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənməkdən ibarətdir.