Yardımlıda 3452 hektar sahədə taxıl səpini aparılıb
Yardımlı, 14 dekabr, Bağır Əliyev, AZƏRTAC
Taxılçılıq Yardımlı rayonunda kənd təsərrüfatının aparıcı sahələrindən hesab olunur. Rayonda bu sahə üzrə fəaliyyət göstərən ailə kəndli və fermer təsərrüfatları ötən ilin payızında 2020-ci ilin məhsulu üçün 3447 hektar sahədə taxıl əkiblər. Əkin aparılmış sahənin 3186,7 hektarını buğda, 135,3 hektarını arpa, 125 hektarını isə çovdar sahələri təşkil edib. Məhsul istehsalçıları bu il biçin apardıqları buğda zəmilərindən 7156,6 ton, arpa sahələrindən 499,2 ton, digər dənlilər sahəsindən isə 368,2 ton məhsul götürüblər. Rayonda taxıl sahələrindən ümumilikdə 8024 ton məhsul götürülüb, hər hektarın məhsuldarlığı 22,4 sentnerə çatdırılıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Yardımlı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, fermerlər və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün payızlıq səpin kampaniyasına vaxtında başlayaraq, 3618 sahədə şum işləri aparıblar.
Rayonda optimal müddətdə 3452 hektar sahədə səpin həyata keçirilib. Bunun 3092 hektarını buğda, 240 hektarını arpa, 120 hektarını isə çovdar sahəsi təşkil edir.
Taxıl əkini kampaniyasında Sırıq, Şiləvəngə, Ərus ərazi nümayəndəlikləri üzrə ailə kəndli təsərrüfatları, Mehdi, Tural, Fərid hüquqi şəxs statuslu kənd təsərrüfatı müəssisələri xüsusi fəallıq göstəriblər.
Yardımlıda taxıl səpini yekunlaşmaq üzrədir.