Yardımlının Şiləvəngə kəndinə təbii qaz verilib
Yardımlı, 26 may, Bağır Əliyev, AZƏRTAC
Mayın 26-da Yardımlı rayonunun Şiləvəngə kəndinə təbii qaz verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə kənddə xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən açılış mərasimində rayon rəhbərliyi, Lənkəran Regional Qaz İstismar İdarəsinin əməkdaşları, kəndin sakinləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində rayonda görülmüş işlərdən danışaraq, sakinləri əlamətdar hadisə münasibətilə təbrik ediblər. Kənd sakinləri Respublika Günü ərəfəsində bu gözəl töhfəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.