Yasamal rayon kitabxanası “Mədəniyyətimizin baş tacı Şuşa” adlı tədbir keçirib
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasının Uşaq şöbəsi “Şuşa İli” ilə əlaqədar “Mədəniyyətimizin baş tacı Şuşa” adlı tədbir keçirib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə Suraxanı rayonunda yerləşən 172 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Tədbiri Uşaq şöbəsinin sistem inzibatçısı Elnarə Qarayeva açaraq bildirib ki, 2020-ci il noyabrın 8-i Azərbaycan tarixinə ən şanlı bir gün kimi yazılıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi, mədəni və strateji əhəmiyyətə malik, Qarabağın tacı olan Şuşa şəhərini işğalçılardan azad edib. Bu, 44 gün içərisində aparılan uğurlu əks-hücum əməliyyatlarının sırasında ən mühüm tarixi hadisə və böyük hərbi Qələbə olub. Azərbaycanın hərbi-diplomatik uğurları, xüsusilə strateji əhəmiyyətli Şuşa şəhərinin azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərib.
Sonda şagirdlər şeirlər səsləndiriblər.