Yaşar Güler: Ankaranın təhlükəsizlik arxitekturasından kənarlaşdırılması cəhdləri Avropanın maraqlarına uyğun deyil
Ankara, 7 iyul, AZƏRTAC
Türkiyə Avropa ölkələrinin müdafiə qabiliyyətinə verdiyi töhfələrin artırılmasını alqışlayır. Lakin bu töhfələr NATO ilə rəqabət aparmamalı, əksinə Alyansın imkanlarını gücləndirməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Güler Ankarada keçirilən NATO sammiti çərçivəsində təşkil edilən müttəfiqlər konfransında çıxışı zamanı bildirib.
Türkiyəli nazir Ankaranın Avropa təhlükəsizlik arxitekturasından kənarlaşdırılması cəhdlərini tənqid edib.
O, bu mövqenin Avropanı daha təhlükəsiz etmədiyini iddia edib. “Türkiyə qlobal təhlükəsizlik sistemində güclü iştirakçıdır, əhəmiyyətli hərbi potensiala, inkişaf etmiş müdafiə sənayesinə və əlverişli coğrafi mövqeyə malikdir. NATO Nizamnaməsinin 5-ci maddəsinə (kollektiv müdafiə prinsipi – red.) sadiqliyimiz sarsılmazdır. Türkiyənin siyasi öhdəlikləri etibarlı hərbi güclə dəstəklənir”, - deyə nazir vurğulayıb.