“Yaşıl” sənayeləşdirmə Afrikanı dirçəldəcək
Bakı, 12 aprel, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı qərargahında Afrikanın iqtisadi inkişafı barədə məruzə müzakirəyə çıxarılıb. Məruzə müəllifləri diqqəti son onilliklərdə “Qara qitə”dəki yüksək iqtisadi artım tempinə cəlb ediblər. Bununla bərabər, onlar Afrika iqtisadiyyatının əvvəlki tək əsasən təbii sərvətlərin satılmasına və aşağı ixtisaslı əməyə əsaslanmasından narahatdırlar.
AZƏRTAC BMT Xəbər Mərkəzinə istinadla xəbər verir ki, ekspertlər qitə ölkələrində ümumi və sabit iqtisadi artım naminə Afrikanın sənayeləşdirilməsinin vacibliyindən danışarkən, ekoloji cəhətdən təmiz istehsal strategiyasına əsaslanmağa çağırıblar. Mütəxəssislər Afrika liderlərinə köhnəlmiş istehsalı dəyişməyi, layiqli iş yerləri yaratmağı və iqtisadi uğurun bəhrəsini əhalinin bütün təbəqələri arasında bölüşdürülməsinə çalışmağı tövsiyə ediblər.
Məruzənin nəticələrində deyilir: “Yaşıl” sənayeləşdirmə - Afrika üçün struktur dəyişikliklərinə nail olmaq deməkdir. Bu dəyişikliklər sayəsində sabit və hərtərəfli inkişaf təmin olunacaq, iş yerlərinin yaradılmasına və təbii sərvətlərin qorunmasına imkan yaranacaq”.
Ötən il 2063-cü ilədək olan dövr üçün Afrikanın inkişafına dair proqram qəbul edilib. Həmin proqramda qitə ölkələri üçün ən vacib məsələlər göstərilib. Bu mühüm məsələlər infrastrukturun inkişafı, o cümlədən energetika və nəqliyyat, informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlıdır.