Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının yaradılmasından 21 il keçir
Tərtər, 26 iyul (AZƏRTAC). Tərtərdə Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının yaradılmasının 21 illiyi qeyd olunub.
AZƏRTAC xəbər verir ki, YAP fəalları əvvəlcə Heydər Əliyev Mərkəzində Ümummilli Liderin büstü önünə çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad etmiş, dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən fotoşəkil və eksponatlarla tanış olublar.
Partiya fəallarının, ziyalıların və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə YAP rayon təşkilatının sədri Ramiz Şabanov məruzə ilə çıxış edərək, qurumun 21 illik fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirib ki, 1993-cü il iyulun 25-də yaradılmış YAP Tərtər rayon təşkilatının hazırda 5456 nəfər üzvü vardır. Partiya üzvlərindən 2835 nəfəri qadın, 1355 nəfəri gənclərdir. Onlar rayonun ictimai-siyasi və mədəni həyatında fəal iştirak edirlər.
Qeyd edilib ki, Prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən tərtərlilər partiya sıralarına həvəslə daxil olurlar. Təkcə bu il 188 nəfər YAP sıralarına daxil olub.
Tədbirdə çıxış edənlər partiya üzvlərini təşkilatın yaranmasının 21-ci ildönümü münasibətilə təbrik ediblər. YAP-ın tarixi zərurət nəticəsində yarandığını qeyd edən natiqlər ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin ağır vəziyyətindən, belə bir dövrdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından, 1993-cü il iyulun 25-də YAP Tərtər rayon təşkilatının yaradılmasından danışıb və təşkilatın keçdiyi uğurlu yola nəzər salıblar. YAP-ın ən nüfuzlu siyasi qüvvəyə çevrilməsində partiyanın yaradıcısı, ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub, Ümummilli Liderimizin siyasi xəttinin bu gün partiyanın sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, Azərbaycanın iqtisadi inkişaf sürətinə görə dünyanın qabaqcıl ölkələrindən biri olduğu xüsusi vurğulanıb.
Tədbirdə YAP Tərtər rayon təşkilatı sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri, partiya fəallarından bir qrupuna rayon təşkilatının fəxri fərmanı təqdim edilib.