Yeni Azərbaycan Partiyasından Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna dəstək
Bakı, 20 aprel, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna növbəti dəstək aksiyası həyata keçirməyi qərara alıb.
Partiyanın İcra Katibliyində, habelə rayon və şəhər təşkilatlarında çalışan 660 əməkdaş bir aylıq əməkhaqqının 20 faizini Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondunun hesabına köçürmək haqqında müraciət edib.
Yeni Azərbaycan Partiyası üzvləri tərəfindən atılmış bu vətənpərvər addım son zamanlar ermənilər tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə alan və düşmən həmlələrinə layiqli cavab verən Azərbaycan Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsidir.
Partiya bundan əvvəl də dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil etməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna vəsaitlər köçürüb.
Qeyd edək ki, Silahlı Qüvvələrimizin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və digər zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi daşıyan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə yaradılıb.