YENİ AZƏRBAYCAN PARTİYASININ 10 İLLİYİNƏ HƏSR OLUNMUŞDUR
Sumqayıtda Yeni Azərbaycan Partiyasının 10 illiyi münasibətilə təntənəli yığıncaq keçirilmişdir. Yığıncaq başlanmazdan əvvəl iştirakçılar şəhərin Şəhidlər xiyabanını ziyarət etmiş, “Əbədi məşəl” abidəsinin önünə əklil və vətənimizin azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçmiş mərd övladlarımızın məzarları üstünə tər çiçəklər qoymuşlar.
Yığıncaq Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlandı.
Salona toplaşanlar şəhər təşkilatının banilərinin - dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Sumqayıt təşkilatının sədri, Milli Məclisin deputatı Xıdır Alovlu Yeni Azərbaycan Partiyasının 10 illik yubileyi münasibətilə məruzə ilə çıxış edərək, partiyanın təşəkkül tarixindən, onun keçdiyi inkişaf yolundan danışdı. O, xüsusi vurğuladı ki, YAP zamanın hökmü ilə yaranmışdır. Məhz dövlətimizin başçısı, müdrik siyasətçi və təşkilatçı Heydər Əliyev o keşməkeşli dövrdə əsl vətənpərvərləri öz ətrafında sıx birləşdirməyə, Azərbaycanın dirçəldilməsi kimi məsul bir vəzifəni öz üzərinə götürən partiyanı yaratmağa müvəffəq olmuşdur.
Məruzəçi bildirdi ki, partiyanın Sumqayıt təşkilatı onun ilk regional təşkilatlarından biri olmuşdur. Ötən on ildə onun sıraları xeyli genişlənmişdir və indi təxminən 13 min partiya üzvünü birləşdirir. Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev II qurultayda Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini seçildikdən sonra isə təşkilatın sıralarına gənclərin axını qat-qat artmışdır. İndi Sumqayıt təşkilatı üzvlərinin 37 faizini gənclər təşkil edir.
Yığıncaqda Yeni Azərbaycan Partiyası icraçı katibinin müavini, Milli Məclisin deputatı Bahar Muradova, şəhər icra hakimiyyətinin başçısı Təvəkkül Məmmədov, təftiş komissiyasının sədri İndira Şəmsivari və başqaları məsləkdaşlarını yubiley münasibətilə təbrik edərək, ölkəmizdə demokratik, hüquqi dövlətin yaradılması və inkişafı işinə sözün əsl mənasında misilsiz töhfəsinə görə, xalqa daimi qayğı və diqqətinə görə görkəmli dövlət xadimi, ümummilli lider, Yeni Azərbaycan Partiyasının sədri, Azərbaycan Prezidenti Heydər Əliyevə minnətdarlıqlarını bildirdilər.
Yığıncaqda Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul olundu.
Milli Məclisin deputatları, YAP-ın şəhər təşkilatının üzvləri Tofiq Hüseynli, Fikrət Sadıqov yığıncaqda iştirak edirdilər.