SİYASƏT
Yeni Azərbaycan Partiyasının 700 mininci üzvünə partiya vəsiqəsi təqdim edilib
Bakı, 6 may, AZƏRTAC
Mayın 6-da Yeni Azərbaycan Partiyasının 700 mininci üzvünə - YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin üzvü, Azərbaycan Tibb Universitetinin tələbəsi, Prezident təqaüdçüsü Xatın Məmmədovaya partiya vəsiqəsi təqdim edilib.
AZƏARTAC xəbər verir ki, üzvlük vəsiqəsini Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov partiyanın qərargahında keçirilən tədbirdə təqdim edib.
Əli Əhmədov mayın 6-nın əlamətdar gün olduğunu deyib. Bildirib ki, belə bir günün ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ərəfəsinə təsadüf etməsi çox xoşdur.
Baş nazirin müavini qeyd edib ki, YAP-ın sıraları kifayət qədər genişdir. Partiya öz sıralarını sürətlə genişləndirir. Əlbəttə, bu, ümummilli lider Heydər Əliyevin ideyalarına və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəkdən xəbər verir. Gənclərin YAP-ın sıralarına üzv olması da təbiidir.
YAP sədrinin müavini deyib ki, partiyaya ildə 25 min yeni üzv daxil olur. Bunların sırasında gənclər üstünlük təşkil edir. Bu, çox sevindiricidir. Bu gün YAP sıralarında gəncləşmə prosesi gedir. Bu, partiyanın parlaq gələcəyindən xəbər verir. Bu gün dövlətimizin başçısı da kadr seçimində gənclərə üstünlük verir. Azərbaycanın gəncləri YAP sıralarında özlərinin inkişafı üçün çox gözəl mühit görürlər. Gənclərin də YAP-ı seçməsinin əsas səbəblərindən biri onların Prezident İlham Əliyevin siyasətinə inanmasıdır. Bu gənclərin sıralarında Azərbaycanın görkəmli xadimləri olacaq şəxslər yetişirlər.
Xatın Məmmədova Yeni Azərbaycan Partiyasının 700 mininci üzvü olmaqdan məmnunluğunu bildirib.
Tədbirdə YAP-ın icra katibinin müavinləri - Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, YAP İdarə Heyətinin üzvü, parlamentin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov və başqaları iştirak ediblər.