YENİ DƏRS İLİNİN BAŞLANMASI MÜNASİBƏTİLƏ TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) yeni dərs ilinin başlanması və Bilik günü ilə bağlı tədbirdə DİA-nın rektoru Seyfəddin Qəndilov əlamətdar günlər münasibətilə müəllim və tələbələri təbrik etmiş, onlara təhsildə uğurlar arzulamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin diqqət və qayğısı ilə yaradılmış DİA-da qazanılan nailiyyətlərdən söz açan rektor yeni tədris ilində akademiyaya yüksək ballarla qəbul olunmuş tələbələrdən 25 nəfərinin Prezident təqaüdünə layiq görüldüyünü bildirmişdir.
X X X
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) yeni dərs ilinin başlanması ilə bağlı keçirilən yığıncaqda ADPU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor Yusif Məmmədov çıxış edərək, ulu öndərimiz Heydər Əliyevin təhsilimizin inkişafında əvəzsiz xidmətlərini vurğulamışdır.
O, eyni zamanda, bu il universitetin birinci kurs tələbəsi adını 1840 nəfərin qazandığını bildirmiş, onlara uğurlar arzulamışdır.
X X X
Qafqaz Universitetində Bilik gününə və yeni dərs ilinin başlanmasına həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səslənmişdir.
Universitetin rektoru, professor Əhməd Saniç, “Çağ” Öyrətim İşlətmələri Şirkətinin prezidenti Ənvər Özərən çıxış edərək, müdrik dövlət xadimi Heydər Əliyevin təhsilimizin inkişafına daim böyük önəm verdiyini, ümummilli liderimizin ideyalarının Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata keçirildiyini bildirmişlər.
Diqqətə çatdırılmışdır ki, bu il universitetin birinci kurs tələbəsi adını qazanan gənclərdən 30 nəfəri qəbul imtahanlarında 600-dən çox bal toplamışdır.
Digər natiqlər də yeni dərs ili münasibətilə xoş arzularını söyləmişlər.
Sonra qəbul imtahanlarında yüksək bal toplamış tələbələrə hədiyyələr verilmişdir.