Yeni enerji dəhlizləri Rumıniyanın və Cənub-Şərqi Avropanın geoiqtisadi xəritəsini dəyişir
Buxarest, 24 iyul, AZƏRTAC
Avropa, Qafqaz və Mərkəzi Asiya arasında formalaşan yeni enerji və nəqliyyat dəhlizləri Rumıniyanın, eləcə də Cənub-Şərqi Avropanın iqtisadi və siyasi əhəmiyyətini əsaslı şəkildə artırır.
AZƏRTAC Rumıniyanın iqtisadiyyat, dövlət siyasəti və geosiyasi proseslər üzrə ixtisaslaşmış nüfuzlu analitik “Cursul de Guvernare” nəşrinə istinadən xəbər verir ki, qlobal ticarət və enerji marşrutlarının yenidən formalaşması fonunda Xəzər hövzəsi, Cənubi Qafqaz, Qara dəniz və Avropanı birləşdirən strateji dəhlizlər gələcək onilliklərdə regionun iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək.
Məqalədə qeyd olunur ki, Orta Dəhliz Avropa ilə Mərkəzi Asiya arasında ən mühüm alternativ marşrutlardan biri kimi sürətlə inkişaf edir. Bu marşrut Çin və Mərkəzi Asiyanı Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Avropa bazarları ilə birləşdirir. Rumıniyanın Konstansa limanı isə Avropa İttifaqının əsas logistika və tranzit mərkəzlərindən biri hesab olunur.
Təhlildə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın birgə həyata keçirdiyi Qara dənizin dibi ilə yaşıl elektrik enerjisinin ötürülməsi layihəsinin Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayacağı vurğulanır. Bildirilir ki, gələcəkdə Mərkəzi Asiya ölkələrinin də bu təşəbbüsə qoşulması Avropaya bərpa olunan enerji ixracını əhəmiyyətli dərəcədə artıra bilər.
Nəşr qeyd edir ki, Orta Dəhlizlə yanaşı, Hindistan–Yaxın Şərq–Avropa İqtisadi Dəhlizi (IMEC), Şaquli Enerji Dəhlizi və digər beynəlxalq layihələr Rumıniyanın Avropa, Qafqaz və Mərkəzi Asiya arasında strateji enerji və logistika mərkəzinə çevrilməsi üçün tarixi imkan yaradır.
Ekspertlərin fikrincə, bu potensialın tam reallaşdırılması üçün Rumıniya liman, dəmir yolu, avtomobil yolu və enerji infrastrukturunun modernləşdirilməsini sürətləndirməli, eyni zamanda regional tərəfdaşlarla strateji əməkdaşlığı daha da genişləndirməlidir.