Yevlaxda gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu müzakirə edilib
Yevlax, 4 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Yevlax şəhər Nizami adına 7 nömrəli tam orta məktəbdə “Gənclərin radikal təsirlərdən qorunmasında milli-mənəvi dəyərlərimizin rolu” mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə məktəbin müəllimləri və yuxarı sinif şagirdləri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, məktəbin direktoru Ülviyyə Ağayeva çıxış edərək, gənclərin radikal meyillərdən qorunması, yad təsirlərin onların həyatına sirayət etməməsi üçün milli-mənəvi dəyərlərimizin düzgün təbliğinin əhəmiyyətindən söz açıb, bu müstəvidə keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev radikal şəxslərin xüsusilə təhsili olmayan və özünü cəmiyyətdə təsdiq edə bilməyən insanlar olduğunu bildirərək, gənclərin təhsil almasının vacibliyini qeyd edib. Radikalizmə qarşı mübarizədə valideynlərin və müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü deyən Natiq Əfəndiyev bildirib ki, gənclər milli-mənəvi dəyərləri və adət-ənənələri özündə ehtiva edən prinsiplər əsasında tərbiyə olunmalıdır.
Yevlax Rayon Polis Şöbəsinin Yetkinlik yaşına çatmayanlarla iş üzrə baş inspektoru Fariz Mədətov Azərbaycanın demokratik, hüquqi və dünyəvi respublika olduğunu qeyd edərək, hüquq-mühafizə orqanları tərəfindən dini radikalizmə qarşı aparılan mübarizə tədbirlərindən danışıb.
Tədbirdə çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Vüsal Hüseynli və məktəbin tarix müəllimi Ceyran Məmmədova Azərbaycanda tarixən müxtəlif dinlərin nümayəndələrinin qardaşlıq və dözümlülük prinsipləri əsasında ibadətlərini yerinə yetirdiklərini bildiriblər. Qeyd olunub ki, keçid dövründə milli-mənəvi dəyərlər sistemində yaranan boşluqlardan istifadə edən ünsürlər yanlış ideologiyaları təbliğ etməyə çalışıblar. İnsanları, xüsusilə də gəncləri din pərdəsi altında yad ideologiyanın təsiri altına salmağa cəhdlərin indi də olduğu qeyd edilərək, gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsiri altına düşməmələri üçün təhsilin və maarifləndirmənin önəmi diqqətə çatdırılıb.
Sonda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.