Yevlaxda yeni beton kanal çəkilir
Bakı, 10 fevral, AZƏRTAC
Yevlax rayonunda meliorativ tədbirlər uğurla davam edir. Görülən işlər nəticəsində hər il rayon ərazisində əkilən kənd təsərrüfatı bitkilərinin suvarılması yaxşılaşdırılır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov AZƏRTAC-a bildirib ki, Yevlax Suvarma Sistemləri idarəsi Yevlax rayonunun 42 min 400 hektara yaxın əkin sahəsini suvarma suyu ilə təmin edir. Əkin sahələri iki üsulla, mexaniki və öz axımı ilə suvarılır. Öz axımı ilə 29 min 496 hektar, mexaniki üsulla isə 12 min 901 hektar ərazidə suvarılma aparılır. Mexaniki üsulla suvarma 41 ədəd nasos stansiya vasitəsilə həyata keçirilir. İdarənin əsaslı təmir hesabına Aran, Aran-2 və Malbinəsi nasos stansiyalarında elektrik avadanlıqları yenilənib, torpaq məcralı Qum kanalının 1, Salahlı beton kanalının 0,5 kilometr hissəsi üzərindəki qurğularla birlikdə əsalı təmir olunaraq istifadəyə verilib. Görülmüş işlər nəticəsində su itkisinin qarşısı alınıb. Hazırda torpaq məcralı kanala beton üzlük çəkilir.
D.Şərifov qeyd edib ki, əkin sahələrini mütəşəkkil, vaxtında və normasında suvarma suyu ilə təmin etmək məqsədilə ötən il ərzində bir sıra işlər görülüb. Belə ki, cari təmir işləri hesabına rayonun əksər kəndlərini əhatə edən torpaq məcralı suvarma kanallarında 425 kilometr uzunluğunda, kollektor-drenaj sistemində isə 300 kilometr uzunluğunda lildən təmizləmə işləri yerinə yetirilərək su ötürücülüyü yaxşılaşdırılıb. Ümumilikdə idarənin öz gücünə 1380 min kubmetr həcmində lildən təmizləmə işləri aparılıb. Bundan başqa rayon ərazisində müxtəlif kəndlərdə yerləşən 38 stasionar nasos stansiyada və 89 subartezian quyusunda mexaniki və elektrik avadanlıqlarında yaranmış nasazlıqlar cari təmir hesabına təmir işləri aparılaraq saz vəziyyətə gətirilib.
Qeyd edək ki, Yevlax rayonunda əsas su mənbələri Kür çayı, Əlican çayı, Tərtər çayı, Yuxarı Qarabağ Kanalı, Yuxarı Şirvan Kanalı və subartezian quyularıdır.