YUNANISTAN PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ ZAMANI 8 SƏNƏD İMZALANACAQDIR
Aprelin 11-də Azərbaycan və Yunanıstan hökumətləri arasında iqtisadi, sənaye və texnoloji əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclası başa çatdıqdan sonra iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinə dair Protokol imzalanmışdır. Protokolu Azərbaycan hökuməti adından komissiyanın həmsədri, iqtisadi inkişaf naziri Fərhad Əliyev, Yunanıstan tərəfdən bu ölkənin xarici işlər nazirinin müavini, komissiyanın digər həmsədri Andreas Loverdos imzalamışlar.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, F.Əliyev Prezident Heydər Əliyevin ikitərəfli əməkdaşlığın inkişafı üçün komissiyaya konkret tapşırıqlar verdiyini və Azərbaycan tərəfi iqtisadi əlaqələrin genişləndirilməsindən ötrü səylərin artırılacağını bildirmişdir. Nazir demişdir ki, qəbul olunmuş Protokol hər iki tərəfə telekommunikasiya, turizm, nəqliyyat və sənaye sahələrində əməkdaşlığa dair sazişlərin imzalanmasına imkan verəcəkdir.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən A.Loverdos dedi ki, Azərbaycana səfərinin əsas iki məqsədi - birincisi, komissiyanın həmsədri kimi, ilk iclasda iştirak etmək, digəri isə Yunanıstan prezidenti Konstantinos Stefanopulosun iyun ayının sonunda Bakıya səfərinə hazırlıq görmək olmuşdur. Səfərin nəticələrindən razı qaldığını vurğulayan Loverdos qeyd etdi ki, bu ərəfədə Azərbaycanla Yunanıstan arasında elm, təhsil və mədəni əlaqələrin inkişafına dair, Azərbaycan Respublikasının Sənaye və Ticarət Palatası ilə Yunanıstanın eyni qurumu arasında və hökumətlərarası komissiyanın Protokolu daxil olmaqla üç sənəd imzalanmışdır. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın inkişafı baxımından çox faydalıdır. Amma daha səmərəli sənədlər Yunanıstan prezidentinin səfəri zamanı imzalanacaqdır.
Əldə olunmuş razılaşmaya görə, prezidentin səfəri zamanı “Qarşılıqlı sərmayələrin qorunması haqqında”, “Hava nəqliyyatı və turizm sahəsində əməkdaşlıq haqqında”, “Gömrük orqanlarının qarşılıqlı əməkdaşlığı haqqında” sazişlər və daha 5 sənəd imzalanacaqdır.
Tərəflər Bakıda iqtisadi əməkdaşlığa dair forum keçirilməsi barədə də razılıq əldə ediblər. Forumda Yunanıstanın iqtisadiyyat, ticarət, sənaye, turizm və digər sahələrinə dair çoxlu sayda mütəxəssis və iş adamları iştirak edəcəklər.
Sonra qonaq mətbuat konfransı keçirmiş və jurnalistləri maraqlandıran suallara cavab vermişdir.