Yunanıstanın sabiq xarici işlər naziri: Atəşkəsə əməl olunması vacibdir
Bakı, 7 aprel, AZƏRTAC
Son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Yunanıstanın sabiq xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dora Bakoyannis açıqlama verib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, açıqlamada baş verənlər son 20 ildə ən ciddi hadisələr kimi dəyərləndirilib. Xanım Bakoyannis tərəflər arasında atəşkəsin əldə edilməsindən məmnunluğunu ifadə edərək atəşkəsə əməl olunmasının vacibliyini vurğulayıb. “İstənilən xırda insident münaqişənin kəskinləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, hər iki tərəf vəziyyət üzərində nəzarəti əldən verməyəcək. Əks təqdirdə, vəziyyət regionda arzuolunmaz nəticələrə səbəb ola bilər”, - deyə o diqqətə çatdırıb.
Açıqlamada, həmçinin ATƏT-in Minsk qrupunun problemin sülh yolu ilə həlli yolundakı cəhdləri, ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin bu məsələ ilə bağlı səyləri qeyd edilib, müvafiq razılığa gəlmək üçün beynəlxalq birliyin dəstəyinin vacibliyi bildirilib.
“Ermənistan və Azərbaycan arasında müntəzəm olaraq dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində bu mürəkkəb problemin həlli məqsədilə görüşlər keçirilib. Bundan əlavə, münaqişənin həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, xüsusi planlar hazırlanıb. Lakin problem həll olunmadığından biz daha təhlükəli və gərgin vəziyyətin şahidi oluruq”, - deyə sabiq xarici işlər naziri vurğulayıb.
Açıqlamada daha sonra deyilir: “2009-cu ildə ATƏT sədri olaraq mən bu problemlə yaxından tanışam və hesab edirəm ki, biz müvafiq səviyyədə mütəşəkkil qaydada fəaliyyət göstərsək problemin sülh yolu ilə həllinə nail ola bilərik”.