REGİONLAR
“Yurdumun rəngləri” albom-kataloqun təqdimatı olub
Naxçıvan, 16 iyun, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan “Yurdumun rəngləri” albom-kataloqun təqdimat mərasimi keçirilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Himayəçilik Şurasının sədr müavini Surə Seyid çıxış edərək, 1993-cü ilin 15 iyun tarixinin ölkəmizin işıqlı gələcəyinin təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Surə Seyid bildirib ki, dövlətçilik tariximizə qızıl hərflərlə yazılan Milli Qurtuluş Günündən ötən dövr ərzində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan və möhtəşəm iqtisadi uğurlara imza atan dövlət kimi tanınır.
“Bu gün Naxçıvan Muxtar Respublikasında zəngin keçmişə malik olan rəssamlıq məktəbinin qorunub saxlanılması və inkişafı üçün ardıcıl tədbirlər görülür, yaradıcı şəxslərin sənətinə dəstək verilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il mayın 25-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyi ilə əlaqədar Rəsm Festivalının keçirilməsi haqqında” Sərəncamı Rəssamlar Birliyinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, Naxçıvanda rəssamlıq sənətinin inkişafına dəstək olan Rəsm Festivalının təşkili və festivala həsr olunmuş albom-kataloqların, internet resurslarının hazırlanmasına imkan verməklə, ümumilikdə, rəssamlığın inkişafı istiqamətində həyata keçirilən çoxşaxəli işlərin davamlılığını təmin edib”, - deyən Surə Seyid bildirib ki, Sərəncama əsasən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və Rəssamlar Birliyinin təşkilatçılığı ilə “Naxçıvan 95” devizi altında festival-müsabiqə keçirilib. Festival-müsabiqəyə təqdim olunan əsərlərdə xalqımızın milli dəyərləri, tarixi keçmişini əks etdirən memarlıq abidələri, son illərin aparılan abadlıq-quruculuq töhfələri və Naxçıvan mənzərələri tərənnüm edilib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxışında qeyd edib ki, mədəniyyət hər bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hər sahədə olduğu kimi, mədəniyyət sahəsində də böyük işlər görülüb. Mədəni irsimizin qorunub saxlanılmasında, inkişaf etdirilməsində, onun geniş təbliğində, dünya miqyasında şöhrət tapmasında qurtuluş missiyasını həyata keçirən böyük şəxsiyyət Heydər Əliyevin əvəzsiz xidmətləri var.
Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxışında vurğulayıb ki, ötən il oktyabrın 3-də Naxçıvan şəhərindəki “Saat Meydanı” turizm istirahət mərkəzində naxçıvanlı rəssamların “Naxçıvan Muxtar Respublikası – 95” devizi altında “Yurdumun rəngləri” adlı rəsm festivalı və eyniadlı müsabiqə keçirilib, qaliblər mükafatlandırılıb. Məhz bu gün Rəssamlar Birliyində təşkil olunan “Yurdumun rəngləri” adlı albom-kataloqun təqdimatı da şanlı tariximizin bəhrəsi və töhfəsidir.
Sonra “Yurdumun rəngləri” müsabiqəsinin iştirakçıları və qaliblərinə eyniadlı albom-kataloq hədiyyə edilib, sərgiyə baxış olub.
Albom-kataloqun və rəssamların əl işlərinin nümayiş olunduğu sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, ötən il təşkil olunan “Yurdumun rəngləri” rəsm festivalına və eyniadlı müsabiqəyə 4 nominasiya – rəngkarlıq, qrafika, plakat və dekorativ-tətbiqi sənət növləri üzrə 29 rəssam 40-a yaxın əl işi ilə qatılıb, qaliblər mükafatlandırılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində festivalda nümayiş olunmuş əsərlərdən ibarət “Yurdumun rəngləri” adlı nəfis tərtibatlı albom-kataloq nəşr edilib.