ZAMANIN SINAĞINDAN ÇIXMIŞ DOSTLUQ
AZƏRTAC görüş ərəfəsində bir növ “dəyirmi masa” keçirmiş, iştirakçılardan xatirələrini bölüşmək, istehsalat və elmi fəaliyyətlərindəki diqqətəlayiq hadisələrdən danışmaq xahiş edilmişdir.
Söhbətə AMEA-nın Yer haqqında elmlər bölməsinin akademik-katibi, Geologiya İnstitutunun direktoru, Azərbaycanın Dövlət mükafatı laureatı AKİF ƏLİZADƏ başladı:
- Bu yubiley təkcə keçmiş tələbə dostların xoş bir görüşü deyil, həm də artıq arxada qalan yarıməsrlik həyat yoluna nəzər salmaq, indiyədək görülən işlərə yekun vurmaq, hər birimizin ümumi işimizə - neft və qaz sənayesinin inkişafına, ümumən, geologiya elminə töhfəsini qiymətləndirmək imkanıdır. Biz birinci görüşümüzü buraxılışımızın 30 illiyinə həsr etmişdik. O vaxt hamımız cavan və gümrah idik, müəllimlərimizin çoxu hələ sağ idi və bizim uğurlarımıza sevindilər, dəyərli məsləhətlərini verdilər.
İndiki görüş tamam başqa şəraitdə keçir. Müstəqil Azərbaycan ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi və onun layiqli varisi Prezident İlham Əliyevin inamla həyata keçirdiyi yeni neft strategiyasının ilk sanballı bəhrələrini görür. Azərbaycan alimləri və mütəxəssisləri Xəzərin karbohidrogen ehtiyatlarının axtarışına və işlənilməsinə misilsiz töhfə vermişlər. Nadir enerji layihələri sayəsində ölkəmiz böyük neft və qaz ixracçısına çevrilir. Bu, ümumən, iqtisadiyyatımızı keyfiyyətcə yeni, müasir səviyyəyə qaldırmağa, xalqın rifahını daha da yaxşılaşdırmağa imkan verəcəkdir. Biz, geoloqlar, xüsusi fərəh hissi keçiririk ki, bu nailiyyətlərdə bizim də əməyimiz var.
Tarixi “Əsrin müqaviləsi”nin hazırlanmasında iştirak edənlərdən, ümummilli lider Heydər Əliyevin tapşırığı ilə ekspertlərimizdən ibarət qrupun tərkibində ABŞ-ın Hyuston şəhərində çətin danışıqlar aparanlardan biri də Beynəlxalq Mineral Ehtiyatlar Akademiyasının həqiqi üzvü, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycanın Dövlət mükafatı laureatı, professor AKİF ƏLİYEV olmuşdur:
- İlk növbədə, demək istəyirəm ki, geoloji kəşfiyyat fakültəsinin 1956-cı il məzunları, əsasən, akademik Akif Əlizadənin təşəbbüsü ilə hər 10 ildən bir görüşürlər. Biz təkcə SSRİ-də deyil, həm də dünyada ən nüfuzlu institutu bitirmişik və bununla fəxr edirik. Sabit Orucov, Süleyman Vəzirov, Ənvər Əlixanov, Baba Babazadə, Əli Əmirov, Ələkbər Süleymanov, Bəxtiyar Məmmədov, Qurban Abbasov, Xoşbəxt Yusifzadə, Qərbi Sibir neftini kəşf edən Fərman Salmanov, Əliəşrəf Əlizadə, Şəfaət Mehdiyev, Azad Mirzəcanzadə kimi görkəmli neftçi alimlər və bir çox başqaları bu institutda təhsil almışlar.
Bizə akademiklər M.V.Abramoviç, Ə.Ə. Əlizadə, V.Y.Xanin, Ə.Ə.Yaqubov, Q.Ə.Əlizadə, Ə.Ş.Şıxəlibəyli kimi elm korifeyləri dərs deyirdilər. Biz onların nurlu xatirəsi qarşısında baş əyirik.
Estafeti bizdən qəbul edən gənc nəslə institutda nəyin bahasına olursa-olsun diplom almağı deyil, biliklərə yiyənlənməyi arzulayıram. Bilik ən böyük var-dövlətdir və suveren dövlətimizin ona çox ehtiyacı var. Çox sadə keçən tələbəlik illəri, bu günədək ünsiyyət saxladığım səmimi dostlarım, mənə həyatı, geologiya elmini sevdirən, öz bilik və təcrübəsini əsirgəməyən müdrik müəllimlərimiz ötən 50 ildə daim qəlbimdə olmuşlar.
Geologiya-mineralogiya elmləri namizədi İBRAHİM ABBASOV dostların görüşünə Moskvadan gəlmişdir. O, otuz ildən çox SSRİ Neft Sənayesi Nazirliyində işləmişdir. Veteran deyir:
- İnstitutu bitirdikdən sonra bir neçə il Abşeron mədənlərində işlədim, namizədlik dissertasiyası müdafiə etdim. Bir sözlə, yaxşı təcrübə məktəbi keçdim və bu, İttifaq nazirliyində səmərəli işləməyə kömək etdi. Şöbəmiz bütün İttifaqda geoloji axtarış və elmi tədqiqat işlərini planlaşdırırdı. Onu da deyim ki, bu işlərdə Azərbaycan Neft və Kimya İnstitutunun məzunları olan xeyli həmvətənimiz iştirak edirdi. Mən Anqolada müqavilənin rəhbəri kimi də işləmişəm. Lakin tale məni haraya aparsa da, doğma institutu, təəssüf ki, sıraları getdikcə seyrələn dostlarımı həmişə minnətdarlıqla xatırlamışam. Qalanlara möhkəm cansağlığı arzulayıram və ümidvaram ki, buraxılışımızın 60 illik yubileyi münasibətilə görüşdə hamını görəcəyəm.
“Dəyirmi masa”da xanımlar da iştirak edirlər. Bəs onları geologiya fakültəsinə hansı amallar gətirmişdi, taleləri necə olmuşdur? Bu barədə onların özləri danışırlar:
XALİDƏ ƏLİZADƏ, geologiya-mineralogiya elmləri namizədi:
- Məni geologiyaya ailə ənənələri gətirmişdi. Axı, mən məşhur Azərbaycan geoloqları – akademiklər Ə.Ə.Əlizadənin, Ş.Ə.Əzizbəyovun, M.M.Əliyevin ailəsində böyümüşəm. Odur ki, peşə seçimində şübhə yox idi. Tələbəlik illərində əmi-dayılarımın mühazirələrini dinləyir, geologiya elmlərinə həvəsim getdikcə artırdı.
Geologiya kişi peşəsi sayılır, lakin burada qadın əlləri tələb olunan litologiya, mineralogiya, petroqrafiya, paleontologiya kimi sahələr var.
Ötən əsrin 50-60-cı illərində Baş Salahlı və Tovuz-Öysüzlü, Qaymaqlı seolit yataqlarına ilk dəfə getməyim həmişəlik yadımda qalmışdır. Sonralar məni həmin yataqların ilk kəşfçisi adlandırdılar.
YELENA YEMELYANOVA, geologiya-mineralogiya elmləri namizədi:
- 1950-ci illərdə mühəndis-geoloq peşəsi çox nüfuzlu idi. “Sən uzaq çöllərə getdin, mən tayqaya kəşfiyyata getdim…” mahnısını, az qala, bütün ölkə oxuyurdu. O vaxtlar Azərbaycanda Xəzərin akvatoriyası, Neft daşları mənimsənilirdi. Bəxtiyar Məmmədov, Mixail Kaveroçkin, Fuad Səmədov kimi qəhrəman neftçilərin və bir çox digər dəniz fatehlərinin adları dillər əzbəri idi. Bax, beləcə gəlib geoloji kəşfiyyat fakültəsinə daxil oldum. Bütün bu yarım əsrdə öz seçimimə görə bir dəfə də olsun təəssüflənməmişəm.
Təhsilimi bitirdikdən sonra akademik Ş.Əzizbəyov məni Geologiya İnstitutuna işə dəvət etdi. O, bizə petroqrafiyadan mühazirə oxuyurdu və məni tələbəlik illərindən tanıyırdı. Onun laboratoriyasında böyük məktəb keçdim, mütəxəssis-petroloq oldum, işlədiyim illərdə, demək olar, bütün Azərbaycanı gəzib-dolaşaraq, çöl işlərinin gözəlliklərini gördüm. Namizədlik dissertasiyası müdafiə etdim və Ş.Əzizbəyovun şagirdi – AMEA-nın müxbir üzvü A.İsmayılzadənin rəhbərliyi ilə bu günədək orada işləyirəm.
OFELİYA BAĞIRBƏYOVA, geologiya-mineralogiya elmləri namizədi:
- Məni geologiyaya təbiətə, səyahətlərə məhəbbət gətirdi. Lakin elə ilk geoloji ekspedisiyalar zamanı yüksək emosiyalardan əsər-əlamət qalmadı, çünki çətinliklə gedib çıxılan geoloji obyektləri tədqiq etmək, çadırda ağır həyat şəraitinə, uca dağ rayonlarına aparan marşrutlara, toplanmış materialların kameral təhlilinə, bütün ekspedisiya üzvlərinin təsərrüfat işlərində mütləq iştirakına və digər hallara öyrəşmək lazım gəlirdi.
Geologiya mənə möhkəm dostluğu öyrətdi, bu günədək ünsiyyətdə olduğum sədaqətli dostlar bağışladı. Sibir ellərini də gəzib-dolaşmaq lazım gəldi. Orada təbiətin romantikası və bənzərsiz gözəlliyi ilə yanaşı, çətinliklər də az olmadı. İnsana dözümlülüyü, dəyanəti, əzmkarlığı, cəsarətliyi, zirəkliyi məhz çətinliklər aşılayır. Bu keyfiyyətlər mənə həyatda dəfələrlə kömək etmişdir.
AzSİ-ni bitirdiyim vaxtdan Geologiya İnstitutunda işləyirəm, kiçik laborant vəzifəsindən baş elmi işçi vəzifəsinədək yol keçmişəm.
Balaxanıneftin baş geoloqu, Azərbaycanın əməkdar geoloqu MƏMMƏD AĞDAMSKİNİ, haqlı olaraq, Abşeron təkinin ən yaxşı bilicisi adlandırırlar. Köhnə quyuların sabit rejimdə işləməsi xeyli dərəcədə onun səylərinin nəticəsidir. Görək Məmməd müəllim nə deyir:
- İnstitutu bitirdikdən sonra mənə Azərbaycanın ən köhnə neft yataqlarından birində - Balaxanı-Sabunçu-Ramana yatağında işləmək şərəfi nəsib oldu. Bu yataq 1869-cu ildə kəşf edilmiş, 1871-ci ildə istismara verilmişdir. Artıq 36 ildir ki, Balaxanıneft NQÇİ-nin baş geoloqu işləyirəm.
Soruşa bilərsiniz, bəs, 50 il ərzində eyni bir yerdə işləməkdən yorulmamışam ki? İnsan məcbur edildiyi işlə məşğul olduqda yorulur. Mən isə bu gün də işə sevinə-sevinə gedirəm, çünki ürəkdən bağlandığım işlə məşğulam. NQÇİ-nin kollektivi mənim üçün, həqiqətən, doğmadır. Köhnə mədənlər kənardan çirkli, darıxdırıcı görünə bilər. Amma onlar mənim üçün gözəl sənaye mənzərəsidir. Mədənlərdə olmaqdan, hasilatı artırmaq yollarını neftçilərlə birlikdə axtarmaqdan məmnunluq duyuram. Neft hasilatının artan hər tonu neftçiyə fərəh, vətənə isə fayda gətirir. İnstitutda məni belə öyrətmişlər və mən bu elmə bütün ömrüm boyu minnətdaram.