Zaqatalada soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Zaqatala, 31 mart (AZƏRTAC). Martın 31-də Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Zaqatala şəhərindəki soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Azərbaycanlıların Soyqırımı” xatirə-kompleksinin qarşısındakı meydanda anma tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, ictimaiyyətin nümayəndələri əvvəlcə abidənin önünə gül-çiçək dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov “Soyqırımı həqiqətləri” mövzusunda məruzəsində Azərbaycan xalqına qarşı yüz illər boyu davam edən soyqırımı və təcavüz siyasətinin məqsədi, mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat vermiş, torpaqlarımıza, təbii sərvətlərimizə, mədəniyyətimizə daim göz dikən erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımından, törətdikləri vəhşiliklərdən danışmışdır. Natiq bildirmişdir ki, milli mənsubiyyətinə görə azərbaycanlıların repressiyalara məruz qalmaları və doğma yurdlarından qovulmaları bədnam qonşularımızın “böyük Ermənistan” ssenarisinin bir qolu və tərkib hissəsi olmuşdur.
Azərbaycanlılara qarşı soyqırımı siyasətinin indi də davam etdiyini nəzərə çarpdıran natiq xalqımızın 20 Yanvar, Xocalı kimi misli görünməmiş dəhşətli faciələr yaşadığını, torpaqlarımızın 20 faizinin işğal olunduğunu, bir milyona yaxın həmvətənimizin doğma torpaqlarından didərgin düşdüyünü bildirmişdir. Məruzədə erməni millətçilərinin qanlı cinayətlərinə hüquqi-siyasi qiymət verilməsində ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri önə çəkilmiş, xalqımızın məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin dəhşətli miqyasının son illər dövlətimizin başçısı tərəfindən beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində ardıcıl və məqsədyönlü iş aparıldığını diqqətə çatdırmışdır.
Məruzə və çıxışlardan sonra məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.