ZƏRDABDA 20 YANVAR FACİƏSİNİN İLDONÜMÜ SİLSİLƏ TƏDBİRLƏRLƏ QEYD OLUNMUŞDUR
Zərdab, 20 yanvar (AZƏRTAC). Zərdabda Qanlı 20 Yanvar aksiyasının ildönümü dərin hüzn və ehtiramla yad edilmişdir. Bütün idarə və müəssisələrdə keçirilən yığıncaqlarda bu hadisə həm də Azərbaycanın azadlığı və suverenliyi naminə aparılan mübarizənin rəmzi kimi qeyd olunmuşdur.
20 Yanvar faciəsi ilə əlaqədar mədəniyyət evlərində, kitabxana və klublarda, habelə məktəblərdə fotomontajlar hazırlanmış, divar vərəqələri buraxılmışdır. Rayon mərkəzindəki Heydər Əliyev parkında və “Şəhidlərin xatirə parkı”nda, qəbiristanlıqlarda təmizlik işləri aparılmış, səliqə-sahman yaradılmışdır. Yanvarın 19-da ümumtəhsil müəssisələrində Qanlı Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçilmişdir.
Yanvarın 20-də səhər minlərlə zərdablı - əmək kollektivlərinin nümayəndələri, ağsaqqallar, veteranlar, ziyalılar, gənclər, məktəblilər şəhidlərin xatirə kompleksini ziyarət etmiş, abidənin önünə çiçəklər qoymuşlar. Burada keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev o vaxt sovet imperiyasının hərbi birləşmələrinin Bakıda törətdikləri vəhşiliklərdən, dinc, əliyalın insanların qətlə yetirilməsindən, bu zaman hətta qadınlara, uşaqlara belə aman verilmədiyindən ürəkyanğısı ilə danışmışdır. Xatırlatmışdır ki, xalqımızın qəhrəman oğlu Heydər Əliyev yanvarın 21-də həyatını təhlükə altında qoyaraq Moskvada Azərbaycan nümayəndəliyində bu qanlı aksiyanı törədənləri ifşa etmiş, hakimiyyətə qayıdandan sonra isə faciəyə siyasi-hüquqi qiymət verilməsinə nail olmuşdur.
Saat 12:00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Günorta Zərdabın Cümə məscidində rayon rəhbərliyi adından ehsan süfrəsi açılmış, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Həmin gün 140 nəfərədək şəhid ailəsinə maddi yardım göstərilmişdir.