Zərdabi Mətbuat Mərkəzi və “Kred Aqro” Lənkəranda birgə “dəyirmi masa” keçirmişlər
Bakı, 30 sentyabr (AZƏRTAC). Zərdabi Mətbuat Mərkəzi və “Kred Aqro” Bank Olmayan Kredit Təşkilatı “Bank-kredit məsələləri - regional KİV-lər və ictimaiyyət” mövzusunda növbəti “dəyirmi masa”nı Lənkəran şəhərində keçirmişlər.
AZƏRTAC xəbər verir ki, Zərdabi Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə bu tədbirin “Azərbaycan paytaxtında və bölgələrində bank-kredit məsələləri və KİV: mövcud durum, peşəkarlığın artırılması və təcrübə mübadiləsi” layihəsi çərçivəsində reallaşdırıldığını bildirərək demişdir: Oxşar tərkibdə ilk toplantı bu ilin fevralında Şəkidə keçirilmişdir. Hər iki sahə arasında əlaqələrin genişləndirilməsinə yardımçı olan belə tədbirlərin daha iki regionda təşkil edilməsini nəzərdə tutmuşuq.
“Kred Aqro” BOKT-un layihə rəhbəri Zaur Əliyev təmsil etdiyi qurum haqqında danışmışdır. O, təşkilatın mətbuatla əməkdaşlığın gücləndirilməsinə ciddi əhəmiyyət verdiyini söyləyərək Zərdabi Mətbuat Mərkəzi ilə tərəfdaşlığın bundan irəli gəldiyini nəzərə çatdırmışdır.
Z.Əliyev 2012-2013-cü illərdə ölkənin 31 kütləvi informasiya vasitəsində (24 qəzet, 7 informasiya agentliyi) aparılan monitorinqlərin nəticələrini də açıqlamışdır.
“Dəyirmi masa”da çıxış edənlər hər iki sahə təmsilçilərini bir araya gətirən tədbirlərə geniş ehtiyac duyulduğunu söyləmişlər.