MƏDƏNİYYƏT
Milli Dram Teatrında “Candoco” rəqs ansamblının mətbuat konfransı olub VİDEO
Bakı, 7 mart, AZƏRTAC
Böyük Britaniyanın “Candoco” ansamblı martın 7-də və 8-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində çıxış edəcək. Ansamblın qastrolunun təşəbbüskarı olan “British Council” təşkilatı mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, mətbuat konfransında teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemət “Candoco” ansamblının qastrolunun Mədəniyyət və Turizm Nazirliyinin, YARAT Müasir İncəsənət Mərkəzinin və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının dəstəyi ilə reallaşdığını bildirib.
“British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt ansambl haqqında məlumat verib. Vurğulayıb ki, “Candoco” incəsənət, estetika və bacarıq anlayışları ilə əlaqədar sərhədləri aşan, mükəmməl və hərtərəfli təcrübələr formalaşdıran, əlilliyi olan və olmayan rəqqaslardan ibarət rəqs ansamblıdır. Bakıda ilk dəfə çıxış edən ansambl iki hissədən ibarət tamaşa təqdim edəcək: “Beheld” və “Set and Reset”. Artistlər fiziki imkanları məhdud şəxslər üçün inklüziv mədəniyyət mövzusunda seminar da keçirəcəklər.
“Candoco” rəqs ansamblı bu çıxışı ilə əlil artistlərə püxtələşmək və beynəlxalq səviyyədə əməkdaşlıq etmək imkanı yaradan yeni proqrama start verir. Əsası 1991-ci ildə qoyulan ansamblın repertuarını müasir rəqs təşkil edir.
Ansamblın art-direktoru Pedro Maçado kollektiv haqqında məlumat verərək qeyd edib ki, əlil gəncləri rəqs sənətinə qoşmaq “Candoco” kollektivinin fəaliyyətinin ayrılmaz hissəsidir. “Fiziki imkanları məhdud rəqqas öz bədəninin dilini tapmalı, hiss və emosiyalarını ifadə etməyi öyrənməlidir. Bu zaman belə artistlərin sosial adaptasiyası deyil, onların özünüifadəsi və səhnə yaradıcılığı daha çox lazımdır”, - deyə P.Maçado vurğulayıb.