REGİONLAR
Azad Rəhimov: Gənclər Azərbaycanın tarixini dərindən bilməlidirlər VİDEO
Qax, 27 may, Mustafa Dadaşov, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin layihəsi olan “Tarixin canlı səhifələri” adlı festival artıq 5-ci dəfədir keçirilir. Qax rayonunda reallaşan bu tədbir İrəvan xanlığına həsr olunub. Bu, Azərbaycanın tarixidir və gənclər bu tarixi dərindən bilməlidirlər.
AZƏRTAC xəbər verir ki, bu fikirləri gənclər və idman naziri Azad Rəhimov Qaxda keçirilən V Gənclər festivalında jurnalistlərə müsahibəsində bildirib.
Nazirin açıqlamasına görə, bu formatda ilk festival Azərbaycan hökmdarlarına, növbəti tədbir isə Azərbaycan xanımlarına həsr edilib. Daha bir festival Böyük Vətən müharibəsi iştirakçıları ilə bağlı olub. Ötən il Gəncədə keçirilən dördüncü festivalda isə Azərbaycanın qüdrətli sərkərdələrinin, o cümlədən Cavad xanın qəhrəmanlıqlarından bəhs olunub.
Azad Rəhimov bildirib ki, belə festivallar gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında, Azərbaycan tarixi ilə bağlı biliklərinin artmasında mühüm rol oynayır. Nazir gələcəkdə digər regionlarda da belə festivalların keçirilməsinin vacibliyini vurğulayıb.