ORDU
Ermənistan silahlı bölmələri atəşkəs rejimini 128 dəfə pozub VİDEO
Bakı, 30 may, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və 82 millimetrlik minaatanlardan da (13 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 128 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Ağdam rayonunun işğal altında olan Şıxlar, Qaraqaşlı, Baş Qərvənd, Cəvahirli, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Veysəlli və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.