RƏSMİ XRONİKA
Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədrini qəbul edib YENİLƏNİB VİDEO
Bakı, 31 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 31-də ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnardı qəbul edib.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın Arizona ştatının Nümayəndələr Palatasının sədri Cavan Mesnard artıq bir neçə gündür Azərbaycana gəldiyini, Bakı və regionlarımız ilə tanış olduğunu qeyd edərək dedi: “Sizin ecazkar ölkənizdə olmağımdan çox məmnunam. Azərbaycan çox gözəl ölkədir. Mən ilk dəfədir ki, buradayam. İnsanlar hər yerdə dostluq və qonaqpərvərlik nümayiş etdirirlər. Mən ABŞ-a geri döndükdə bu təəssüratlarımı hamı ilə bölüşəcəyəm”. Cavan Mesnard Arizona ştatının qanunvericilərinin əksəriyyətinin Azərbaycan haqqında çox eşitdiyini bildirdi.
Prezident İlham Əliyev qonağın Bakıda və regionlarda olmasının ölkəmiz haqqında daha geniş informasiya əldə edilməsi işinə kömək edəcəyini vurğuladı. Dövlətimizin başçısı qeyd etdi ki, ABŞ-dan Azərbaycana daha çox səfərlərin həyata keçirilməsi insanlar arasında təmasların genişləndirilməsi və xalqlarımızın bir-birini daha yaxından tanıması baxımından önəmlidir və bu, həm də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi işinə xidmət edəcək. Prezident İlham Əliyev Azərbaycan ilə ABŞ arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində ikitərəfli münasibətlərin və eləcə də ölkəmizin ABŞ-ın ayrı-ayrı ştatları ilə əməkdaşlığının çox yaxşı səviyyədə olduğunu dedi. Dövlətimizin başçısı, eyni zamanda, ABŞ-ın bəzi regionlarında ictimaiyyətin ölkəmiz haqqında bir o qədər də dolğun məlumata malik olmadığını vurğulayaraq, Azərbaycan haqqında həqiqətlərin daha çox yayılmasının önəmini qeyd etdi.