MƏDƏNİYYƏT
Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə
![](/files/galleryphoto/2017/3/1200x630/1506423827110461054_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1506423827890120598_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1506423827239887673_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/150642382785634623_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15064238272366262623_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15064238276155235377_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15064238273033038428_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15064238274501334783_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/1506423827650304259_1200x630.jpg)
![](/files/galleryphoto/2017/3/1200x630/15064238275556419842_1200x630.jpg)
Bakı, 26 sentyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Sentyabrın 26-da Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının qonağı olub.
AZƏRTAC xəbər verir ki, kitabxana ilə tanışlıqdan sonra qonaq “Azərkitab”ın kitab təbliğatı mərkəzində “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm sərgisinin açılışında iştirak edib.
Sərgi F.Köçərli adına Respublika Uşaq Kitabxanasının və Bakıdakı Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin birgə layihəsi əsasında reallaşıb.
Kitabxananın direktoru Şəhla Qəmbərova bildirib ki, “İslam Həmrəyliyi İli” çərçivəsində keçirilən sərginin əsas məqsədi uşaqlarımızı gələcəyimiz naminə düzgün maarifləndirməkdir. Onlarda antik mədəniyyətlərin beşiyi, sivilizasiyanın mərkəzi hesab edilən qədim tarixə, ədəbiyyata, incəsənətə, elmə sahib olan fərqli bir mədəniyyətlə tanış etməkdir. Həmçinin ecazkar Misir nağıllarını oxuyan və bu nağıllara illüstrasiyalar çəkən azyaşlı oxucularımıza dəyər vermək və qiymətləndirməkdir.
Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin direktoru Əhməd Sami Elaydi ölkələrimiz arasındakı mədəni əlaqələrdən, rəhbərlik etdiyi mərkəzin Azərbaycan mədəniyyət ocaqları ilə əməkdaşlığından və bu əlaqələrin inkişafına yönələn bir sıra layihələrdən danışıb. O, “Qədim Misir nağılları kiçik yaşlı Azərbaycan rəssamlarının gözü ilə” adlı rəsm müsabiqəsinin bu əlaqələrin inkişafına böyük töhfələr verəcəyini söyləyib və müsabiqəyə qatılan uşaqların böyük istedadından söz açıb.
Misir Milli Kitabxanasının və Arxivinin müdiri Əhməd Seyid Məhəmməd Şövki ölkələrimiz arasında dostluq və əməkdaşlığın böyük əhəmiyyət kəsb etdiyini bildirib. O, balaca rəssamlara və iştirakçı qonaqlara qədim Misir nağılları, xüsusilə də “Ələddin və sehrli köynək” haqqında məlumat verib.
Tədbirdə “Azərkitab”ın direktoru Sabir Həsənov, sərginin tərtibçisi Asəf Kərimov və digər çıxış edənlər tədbiri yüksək dəyərləndiriblər.
Sərgi çərçivəsində şagirdlərin ifasında ərəb xalq nağılları səsləndirilib.
Sonda Əhməd Seyid Məhəmməd Elaydi kitabxanaya ərəb nağılları dərc olunmuş bukletlər hədiyyə edib və bildirib ki, yaxın günlərdə ərəb müəlliflərinin dilimizə tərcümə edilən toplusunun təqdimatı keçiriləcək.