ORDU
Gizir Yaşar Ağayev: Vətən uğrunda döyüşmək şərəfli vəzifədir VİDEO
Bakı, 14 noyabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Vətən uğrunda döyüşmək şərəfli vəzifədir.
Bunu 2016-cı ilin aprelində Ermənistan silahlı qüvvələrinin bölmələrinin təxribatlarının qarşısını alarkən yaralanan və müalicəsini Türkiyədə davam etdirib Vətənə qayıdan gizir Yaşar Ağayev AZƏRTAC-a müsahibəsində deyib.
Silahlı Qüvvələrdə gizir rütbəsində hərbi xidmətdə olduğunu vurğulayan Y.Ağayev bildirib: “2016-cı ilin aprel döyüşlərində Ermənistan ordusunun təxribatlarının qarşısının alınması zamanı yaralanmışam. Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müalicə aldıqdan sonra Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin tapşırığına əsasən reabilitasiya üçün Türkiyəyə göndərildim. Orada müalicə olunarkən müdafiə nazirinin göstərişinə əsasən nazir müavini məni ziyarət etdi, müalicə prosesi, qayğılarım ilə maraqlandı. Müalicə aldığım müddətdə Azərbaycan dövləti tərəfindən mənə yüksək diqqət və qayğı göstərildi. Bu diqqət və qayğıya görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinə, Türkiyə tərəfinə və həkimlərə minnətdarlığımı bildirirəm”.
Müalicə kursunu başa vurduqdan sonra xidmət etdiyi hərbi hissəyə qayıdaraq Vətənə xidmətə davam edəcəyini vurğulayan hərbçimiz deyib: “Hospitalda müalicəmi davam etdirirəm. Burada müalicə prosesinin ən yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılıb. Hazırda özümü çox yaxşı hiss edirəm. Bundan sonra da Vətənimizin müdafiəsi üçün döyüşməyə hazıram. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə cansağlığı diləyirəm”.
Hərbçimizin qardaşı Anar Ağayev Yaşarın müalicəsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə ailəsi adından minnətdarlığını bildirib.
Həkim Ellada Əliyeva deyib ki, Yaşar Ağayev hospitala ağır kəllə-beyin travması ilə yerləşdirilmişdi. Biz burada əlimizdən gələni etdik. Yaşar burada müalicə kursunu tam başa vurduqdan sonra Prezident İlham Əliyevin göstərişi ilə onu Türkiyəyə reabilitasiyaya göndərdik. O, Türkiyədə də müalicəsini uğurla başa çatdırıb Vətənə qayıdıb. Hazırda vəziyyəti çox yaxşıdır.