Bölgələrdə yeni istehsal müəssisələrinin açılması ilə yanaşı, ənənəvi xalçaçılıq da unudulmur VİDEO
Quba, 26 yanvar, Elxan Yusifli, AZƏRTAC
Son illər xalçaçılıq Azərbaycanda sürətli inkişaf dövrünü yaşamaqdadır. Hazırda ölkəmizin bütün regionlarında xalça istehsalı müəssisələri tikilib istifadəyə verilir. Prezident İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ildə 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Beləliklə, ilin sonuna qədər xalça fabriklərinin sayı 20-yə çatacaq.
Yeni müəssisələr yaranmaqla yanaşı, bölgələrdə ənənəvi xalçaçılıq da unudulmur. Hazırda evlərində xalça toxuyan onlarla ucqar kənd sakinləri var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba rayonunun Təngəaltı kəndində də qədim xalçaçılıq ənənələri davam etdirilir. Bu kəndin 63 yaşlı sakini Firuzə Fətəliyeva qırx ildən çoxdur ki, xalça toxumaqla ailə büdcəsini təmin edir.
Onun toxuduğu xalçalar yüksək keyfiyyətinə görə fərqlənir. Bunun əsas səbəbi xalçaçının xammal kimi yalnız özünün əyirdiyi yundan və təbii boyalardan istifadə etməsidir.
Ötən əsrdən qalan yun əyirmək üçün cəhrə, iti uclu sümük bizlər, daraq və digər alətlər hələ də sahibinin işinə yarayır.
Firuzə Fətəliyeva bildirir ki, ip əyirməyi, xalça toxumağı qayınanasından öyrənib. “İndi yun əyirib xalça toxuyanlar elə də çox deyil. Çünki təbii saplarla işləmək bir az çətindir. Cəhrədə ip əyirmək böyük zəhmət və səbir tələb edən işdir. Bir kiloqram yunu əyirmək üçün təxminən 10 saata yaxın vaxt lazım olur. Amma təbii iplərlə toxunan xalçalar illər keçsə də köhnəlmir, rənglər və çeşnilər öz dolğunluğunu saxlayır”, - deyə xalçaçı qeyd edir.
Bu vaxta kimi toxuduğu xalçaların hamısında qoyun yunundan cəhrədə əyirdiyi iplərdən istifadə edən Firuzə Fətəliyeva deyir ki, belə xalçaların qiyməti də digərlərinə nisbətən baha olur. Belə ki, köhnə üsulla təbii xammaldan istifadə etməklə əllə toxunan üç kvadratmetrlik xalçanın qiyməti 6-8 min manat arasında dəyişir. Belə xalçaları adətən əcnəbi turistlər sifariş verir.
Firuzə Fətəliyeva Qubanın ənənəvi xalçaçılıq bölgəsi olduğunu, əvvəllər rayonun bütün kəndlərində xalça toxunduğunu vurğulayır. “Burada xalçaçılığa maraq çox yüksəkdir. Əvvəllər hər evdə cəhrə, daraq, həvə, toxmaq və xanaya rast gəlmək olardı. İndi ənənəvi xalçaçılıqla məşğul olanlar azalsa da, ümumilikdə, bu sahəyə maraq indi də var. Əllə toxunan xalçalar çox qiymətlidir. Ən incə detalınadək əl əməyi, göz nuru sərf olunan xalçalardakı gözəllik və istiliyi digərləri ilə müqayisə etmək olmaz”, - deyə xalçaçı bildirib.
Hazırda Firuzə Fətəliyevanın ailəsində xalçaçılıq ənənəsini qızları və nəvələri davam etdirir.