Dekorativ-tətbiqi sənət nümunələri hazırlayan Qusar sakini “ABAD”a qoşulmaq istəyir VİDEO
Qusar, 31 yanvar, Elxan Yusifli, AZƏRTAC
Qusar sakini Səbinə Rüstəmovanın hazırladığı dekorativ-tətbiqi sənət nümunələri görənlərin diqqətini çəkir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç aydır bu işə maraq göstərən S.Rüstəmova artıq 100-dən çox əl işi hazırlayıb. Dekorativ-tətbiqi sənət nümunələrinin hazırlanmasında saplardan, silikon, yapışdırıcı, farfor, balıqqulağı, boyaq maddələri və digər vasitələrdən istifadə edilir.
Səbinə Rüstəmova başlanğıcda səbətlər və qu quşları düzəldib. Onun əl işləri rayonda keçirilən sərgidə maraqla qarşılandığı üçün daha çox dekorativ əşyalar hazırlamağa üstünlük verib. Əl işlərinin sayı artdıqca müraciət edilən mövzular da rəngarəng olub. Hazırlanan dekorativ əşyalar arasında müxtəlif qablar, heyvan fiqurları və kompozisiyaların əks olunduğu tablolar var.
Əl işləri ilə regional və ölkə səviyyəli sərgilərdə təmsil olunan S.Rüstəmova hazırladığı əşyalardan qazanc əldə etmək niyyətindədir. Bunun üçün yaxın günlərdə ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzinə müraciət etmək istəyir.
Səbinə Rüstəmova “ABAD”a qoşularsa, əl işlərinin daha çox tanınacağını və onlara yüksək dəyər veriləcəyini düşünür. “ABAD”a üzv olsam əl işlərim tanınacaq və onları satmaq üçün bazar axtarmaq kimi çətinliklə qarşılaşmayacam”, - deyə Qusar sakini bildirib.
Qeyd edək ki, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev “ABAD” layihəsinin daha da inkişaf etdiriləcəyini bildirib. Bununla da daha çox fermer və ailə təsərrüfatı öz məhsullarını müasir formada yerli və xarici bazarlara çıxarmaq imkanı əldə edəcək.