REGİONLAR
Lerikli rəssam balıqqulaqlarından maraqlı sənət əsərləri yaradır VİDEO
Lerik, 29 mart, Bağır Əliyev, AZƏRTAC
Lerik rayonunun Sivəkəran kənd sakini Qurban Fərziyevin balıqqulağı materiallarından hazırladığı sənət əsərləri təkcə yerli sakinlərin deyil, rayona səyahət edən xarici turistlərin də diqqətini cəlb edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca reklam tərtibatı üzrə rəssam olan Qurban Fərziyev bu işlə 14 ilə yaxındır məşğul olur.
Onun ilk əl işi Lerikin istirahət mərkəzində hörmə üsulu ilə kiçik çay daşlarını hissə-hissə yığaraq hazırladığı böyük bir şəlalə olub.
Gildən müxtəlif heykəllər, heyvan fiqurları düzəldən usta hazırda su pərisi və onun mağarası üzərində çalışır. O, bu işi tamamlamaq üçün təqribən 50 kisəyə yaxın balıqqulağından istifadə edəcəyini deyib.
Usta bir dəfə yaratdığı əsəri ikinci dəfə başqa məkanda işləmir. O, bunun səbəbini belə izah edib: “İş olur bir ay çəkir, iş olur bir il. Elə işlər də var ki, o insanın əhvalından asılı olur. Əhval-ruhiyyə yaxşı olanda iş tez başa gəlir, olmayanda iş bir az yubanır.”
Qurban Fərziyevin ən böyük arzusu şəxsi emalatxanasının olmasıdır. Rəssam deyir ki, emalatxanası olarsa, həm bu sənəti öyrədəcək şagirdləri çoxalar, həm də əl işlərini sərgiləyə bilər.