Pambıqçılığın inkişafı ilə bağlı təşəbbüslərə xocavəndli məcburi köçkünlər də qoşulublar



Beyləqan, 29 mart, AZƏRTAC
Bərdə rayonunda pambıqçılığın inkişafına dair respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələr xocavəndli məcburi köçkünlərin məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində müzakirə edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov müşavirədə çıxış edərək, respublikamızda pambıqçılığın inkişafı ilə bağlı görülən işləri diqqətə çatdırıb. Bildirilib ki, son illərdə aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasət, imzalanan fərman və sərəncamlar, keçirilmiş müşavirələr, qəbul olunmuş Dövlət Proqramı respublikamızda sözügedən sahənin inkişafı üçün əlverişli şərait yaradıb. İki il ərzində Azərbaycanda pambıq tədarükü 35 min tondan 207 min tona çatıb.
Qeyd edilib ki, pambıqçılığın inkişafı ilə bağlı təşəbbüsə qoşulan xocavəndli məcburi köçkünlər bu il 97 hektar sahədə pambıq becərəcəklər.
Sonra çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Ağaəli Əhmədov Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən bəhs edib, görüləcək işlərdən danışıb. Bildirib ki, həyata keçirilən islahatlar, aqrar sektora dövlət dəstəyi, imzalanan fərman və sərəncamlar, qəbul edilən qanun və qərarlar kənd təsərrüfatında ciddi inkişaf dinamikasına, mühüm kəmiyyət və keyfiyyət dəyişikliyinə səbəb olur.
Müşavirədə çiyid səpininin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, becərmənin aqrotexniki qaydada aparılması, pambıq əkinlərinin suvarma suyu ilə təminatı, məhsuldarlığın yüksəldilməsi ilə bağlı qarşıda duran vəzifələrdən söz açılıb, tapşırıq və tövsiyələr verilib.