FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik
Bakı, 8 sentyabr, AZƏRTAC
Süni intellektdən və rəqəmsal alətlərdən istifadə kənd təsərrüfatı sektorunun inkişafı, eləcə də iqlim dəyişmələrinə uyğunlaşmanın təmin edilməsi baxımından çox vacibdir.
AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Nasar Hayat jurnalistlərə müsahibəsində deyib.
Hazırda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işlədiklərini qeyd edən FAO nümayəndəsi vurğulayıb: "Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin müvafiq bölməsi ilə əməkdaşlıq çərçivəsində süni intellekt texnologiyalarının fermer təsərrüfatları səviyyəsində tətbiqi istiqamətində iş aparırıq. Hazırda fermerlər üçün mobil tətbiq və bir sıra digər rəqəmsal alətlər mövcuddur. Lakin məqsədimiz “Azərkosmos” və Kənd Təsərrüfatı Nazirliyi ilə əməkdaşlıq şəraitində bu xidmətləri kiçik fermerlər üçün də əlçatan etməkdir. Ümid edirik ki, yaxın gələcəkdə Azərbaycanda bütün fermerlər bu rəqəmsal alətlərdən istifadə edə biləcəklər. Söhbət yalnız rəqəmsal xidmətlərdən deyil, həmçinin fermerlərin bazar, iqlim, hava şəraiti və digər zəruri məlumatlara çıxışından gedir. Bu istiqamətdə işimizi davam etdiririk və ümid edirik ki, yaxın zamanda Azərbaycanda kiçik fermerlər də bu imkanlardan tam şəkildə yararlana biləcəklər".