115 yaşlı Pərizadə nənə: Sağlam qalmağın əsas şərtlərindən biri düzgün qidalanmaqdır VİDEO






Salyan, 16 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Pərizadə Ağaverdi qızı Mahmudova Salyanın ən yaşlı sakinidir. 1910-cu ildə Salyanın Xələc (hazırkı Yenikənd) kəndində anadan olan P.Mahmudovanın 115 yaşı var. O, 6-sı qız, 2-si oğlan olmaqla, 8 övlad böyüdüb. Övladlarından ən yaşlısı 80 yaşındadır. Pərizadə nənənin 27 nəvəsi, 43 nəticəsi və 1 kötükcəsi var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, P.Mahmudova keşməkeşli ömür yolu keçib. Birinci və İkinci Dünya müharibələrinin ağrı-acılarını yaşayıb, qardaşlarını itirib. O, həyat yoldaşı İsgəndərlə birlikdə kolxozda işləyib. Bir yerdə həyatın çətin sınaqlarından keçiblər. Pərizadə nənə özünü xoşbəxt saydığını bildirir: “Həyat yoldaşımla çox mehriban olmuşuq, bütün qərarları birlikdə vermişik, çətinliklərə bir yerdə sinə gərmişik. Kolxozda da bir yerdə işləmişik. Həyatın çətin anlarında belə, hansısa söz-söhbətimiz olmayıb. Birlikdə yer şumlamışıq, əkin əkmişik, mehriban yaşamışıq. Övladlarımızı ailə sahibi etmişik. Həyat yoldaşımı itirsəm də, indi böyük bir ailənin ağbirçəyi olmaq, onların sevgisini hiss etmək mənim üçün əsl xoşbəxtlikdir”.
Səhhətinin normal olduğunu söyləyən nənə deyir ki, sağlam və gümrah qalmağın əsas şərtlərindən biri düzgün qidalanmaqdır. "Yeməyim-içməyim çox yaxşıdır. Nə istəyirəmsə, balalarım hazırlayırlar. Hər gün ağartı məhsulları, xüsusilə də qatıq yeyirəm. Qatığın mənə faydası çoxdur. Qatıq yeyəndə gecəni rahat yatıram. Hər axşam qatıq yeməsəm, yata bilmirəm", - deyə P.Mahmudova uzunömürlü olmağının sirlərindən danışır.
Pərizadə nənənin övladlarının, nəvə və nəticələrinin əksəriyyəti rayonun Yenikənd kəndində yaşayırlar. Onlar həftədə bir dəfə nənənin yanında toplaşır, ona qulluq göstərir, öyüd-nəsihətlərinə qulaq asırlar. Deyirlər ki, böyük olan evdə həmişə bərəkət var.
Nənənin qızı, 80 yaşlı Nəsibə Məlikova bildirir ki, valideynləri, o cümlədən anası övladları üçün çox əziyyət çəkib. "Atam və anam çox zəhmət çəkiblər, bizi əziyyətlə böyüdüblər. Kolxozda işləyib, pambıq yığıblar. İndi hamımız ağbirçəyimizə böyük sevgi bəsləyirik. Anam qardaşımla birlikdə yaşayır. Onlar hər zaman anamın qulluğunda dayanırlar", - deyə o əlavə edir.
Pərizadə nənənin oğlu Bilal Nəhmədov da hər zaman anasının əziyyətini qiymətləndirməyə çalışır. “Valideynlərimin əziyyətini görmüşəm, anam hər zaman atamla birlikdə çiyin-çiyinə işləyib. Onlar bizim üçün çalışıblar. Anama sağlam ömür arzulayıram. Onun həyat eşqi, çətinliklərin öhdəsindən gəlmək bacarığı bizim üçün də örnəkdir”, - deyə o vurğulayır.
Nənənin gəlini Aqilə Nəhmədova isə onun qayğısına qalmağı özünə borc bilir: "45 ildir, bu evin gəliniyəm. Pərizadə nənə həm də mənim bibimdir. O, heç vaxt məni öz övladlarından ayırmayıb, mənə yaxşı baxıb, mehriban olub. İndi isə yaşlanıb, növbə bizdədir - onun qulluğunda dayanmalı, sevgimizi əsirgəməməliyik".
Pərizadə nənənin 12 yaşlı nəticəsi Pəri də nənəsini çox sevir. “Hər gün məktəbdən qayıdan kimi, ilk növbədə, nənəmlə görüşürəm. Birlikdə çay içirik. Nənəm nəsə istəyəndə, məni səsləyir. Mən də sevə-sevə onun qayğısına qalıram. Biz bir-birimizi çox istəyirik", - deyə balaca Pəri diqqətə çatdırır.