CƏMİYYƏT


Yaponiyada Rixard Zorgenin işi haqqında yeni sənədlər ictimaiyyətə təqdim edilib

Tokio, 18 avqust, AZƏRTAC

İkinci Dünya müharibəsi illərində Yaponiya hökuməti əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin işi ilə bağlı informasiyanın kütləvi informasiya vasitələrinə sızmasının qarşısını böyük səylə almağa çalışıb.

AZƏRTAC xəbər verir ki, bunu həmin vaxt Ədliyyə Nazirliyinin altıncı şöbəsinə rəhbərlik etmiş Tayzo Otaya məxsus ictimaiyyətə təqdim edilən sənədlər də təsdiq edir. Bu sənədlər T.Otanın yaxınları tərəfindən Dövlət Parlament Kitabxanasına təqdim edilib.

R.Zorgenin rəhbərlik etdiyi qrup 1941-ci ilin oktyabrında həbs edilsə də, bu barədə Ədliyyə Nazirliyi yalnız 1942-ci ilin mayında məlumat verib. Daxili proseslərdə istifadə edilən sənədlərdə ciddi senzura və Xarici İşlər Nazirliyinin rəyinin nəzərə alınması barədə xüsusi göstəriş də olub. Belə ki, qrup üzvlərindən biri Kinkazu Sayonci barəsində onun XİN-dəki vəzifəsinin göstərilməməsini, həmçinin sənədin üzərindəki “xüsusilə məxfi” söz birləşməsində “xüsusi” sözünün çıxarılmasını buna misal göstərmək olar. Bu ehtiyat tədbirləri K.Sayoncinin İmperatorun məsləhətçilərindən biri, bir müddət Baş nazir vəzifəsini icra etmiş Kimmoçi Sayoncinin nəvəsi olması ilə əlaqədar ola bilər.

1942-ci il mayın 17-də “Mayniçi” və “Asahi” qəzetlərində dərc edilən məlumatlarda həmin göstərişlər tam ciddiliyi ilə həyata keçirilib ki, bu da o vaxt KİV-lərə tətbiq olunan ciddi senzuranı təsdiq edir.

Yalnız keçmiş Sovet İttifaqında deyil, eyni zamanda, Almaniyada və Yaponiyada da qəhrəman kəşfiyyatçı kimi tanınan Rixard Zorge 1895-ci ildə Bakıda anadan olub. 1914-cü ildə könüllü alman ordusuna qoşularaq, Birinci Dünya müharibəsində iştirak edib. 1919-cu ildə Almaniya Kommunist Partiyası sıralarına daxil olub, 1924-cü ildə isə Moskvaya köçərək sovet vətəndaşlığını qəbul edib.

1929-cu ildə sovet hərbi kəşfiyyatı tərəfindən cəlb edilərək xaricdə bir sıra tapşırıqları həyata keçirib. Əsasən İka Rixardoviç Zonter, Ramzay, İnson və digər adlarla fəaliyyət göstərib. 1930-1932-ci illərdə Çində işləyərək, burada mühüm informasiyalar ötürən agentura şəbəkəsi yaradıb.

Çindən Almaniyaya qayıdan R.Zorge hərbi kəşfiyyat və gestapo ilə əlaqələr qurub, Almaniya Milli Sosialist Fəhlə Partiyasına üzv qəbul olunub.

Yaponiyada işlədiyi dövrdə R.Zorgenin yaratdığı qrup Moskvaya Yaponiya ilə SSRİ arasında müharibə və Avropada müharibə təhlükəsi barədə mühüm xəbərlər ötürüb. Almaniyanın SSRİ-yə gözlənilən hücum tarixi barədə məlumatı isə R.Zorge dörd ay əvvəl sovet rəhbərliyinə çatdırıb. Məhz onun hazırladığı analitik məlumatlar nəticəsində Yaponiyanın Şərq cəbhəsini açmayacağını dəqiqləşdirən sovet rəhbərliyi həmin cəbhədəki qoşunları Moskva ətrafına çəkərək 1941-ci ilin dekabrında almanların qarşısını alıb.

1941-ci il oktyabrın 18-də R.Zorge və onun köməkçiləri Yaponiya hökuməti tərəfindən həbs olunublar. 1944-cü ilin noyabrında isə o, Tokio türməsində edam edilib.

Rixard Zorge 1964-cü ildə ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.