Azərbaycanın Yunanıstandakı səfirliyinə tariximiz, mədəniyyətimiz barədə uşaq kitabları hədiyyə edilib
Bakı, 31 avqust, AZƏRTAC
Yunanıstanın paytaxtı Afina şəhərində Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının (IBBY) 36-cı konqresi keçirilir. Sentyabrın 2-dək davam edəcək tədbirdə Azərbaycanı Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının IBBY üzrə əlaqələndiricisi, direktorun elmi işlər üzrə müavini Zahirə Dadaşova təmsil edir.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Afina şəhəri kitab sənayesinin, ədəbiyyatın və oxunun dəstəklənməsi istiqamətində fəaliyyətinə görə 2018-ci ildə UNESCO-nun Dünya Kitab Paytaxtı elan edilib. Bu il konqresdə dünya ölkələrindən uşaq ədəbiyyatı sahəsində çalışan mindən çox nümayəndənin iştirakı nəzərdə tutulub.
Konqres ərəfəsində ölkəmizin qədim tarixi, ədəbiyyatı, incəsənəti və s. barədə kitablar Azərbaycanın Yunanıstandakı səfirliyinə təqdim olunub. Respublika Uşaq Kitabxanası Azərbaycan ədəbiyyatı fondunu əks etdirən guşələrin yaradılması məqsədilə bir çox dövlətlərin kitabxanalarına uşaq ədəbiyyatı nümunələri hədiyyə edib. Azərbaycanın Yunanıstandakı səfirliyinə respublikamızın tarixi, mədəniyyəti ilə bağlı nəşrlər, həmçinin kitabxananın çap etdirdiyi kitablar hədiyyə olunub.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev Yunanıstanın Soloniki şəhərində keçirilən sərgilərdən söhbət açıb. Bildirilib ki, ədəbiyyatımızın hər bir ölkədə təbliği məqsədilə Yunanıstanın böyük kitabxanalarına Azərbaycan ilə bağlı kitab kolleksiyası hədiyyə edilib.
Eldar Əliyev deyib ki, Azərbaycanın dövlətçilik, multikulturalizm ənənələri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, mədəni irsimiz, ermənilər tərəfindən dağıdılan mədəniyyət abidələrimiz, ölkəmizin turizm ehtiyatları haqqında nəşrlərin də xarici ölkə kitabxanalarına hədiyyə olunması xüsusilə önəmlidir.
Müvəqqəti işlər vəkili Eldar Əliyev səmimi münasibətə görə kitabxananın rəhbərliyinə təşəkkür edib, ölkələr arasında elmi-mədəni əlaqələrin, xüsusilə ədəbiyyat mübadiləsinin əhəmiyyətindən danışıb.
Z.Dadaşova, eyni zamanda, Azərbaycan uşaq ədəbiyyatının daha geniş auditoriyada təqdim edilməsi istiqamətində gələcəkdə bir sıra addımların atılması barədə təkliflər irəli sürüb.