SİYASƏT
Azərbaycan səfiri: İqtisadi əlaqələrin inkişafı üçün münbit siyasi şərait olmalıdır VİDEO
Tuluz, 29 oktyabr, AZƏRTAC
İqtisadi əlaqələrin daha da inkişaf etməsi üçün ilk növbədə münbit siyasi şərait olmalıdır. Azərbaycan-Fransa əlaqələri yüksək səviyyədədir. Ancaq iqtisadi əlaqələrin inkişafı üçün münbit siyasi şərait qaçılmaz zərurətdir. Münbit siyasi şərait ikitərəfli əlaqələrin bütün sahələrdə davamlı inkişafına təkan verir.
Bu fikri ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev Oksitan regionunun administrasiya və şirkət rəhbərlərinin iştirakı ilə keçirilən iqtisadi forumda söyləyib.
Səfir Prezident İlham Əliyevin Fransa səfəri haqqında ətraflı məlumat verib. Bildirib ki, səfər çərçivəsindəki görüşlərində iqtisadi inkişaf sahəsində siyasi dialoq və qarşılıqlı fəaliyyəti möhkəmləndirmək vacibdir. Siyasətlə iqtisadiyyatın sıx bağlı olduğunu və bir-birini tamamladığını qeyd edib.
Səfir Azərbaycanın Fransa və Aİ-nin əsas ticarət tərəfdaşı olduğunu diqqətə çatdırıb. Forum iştirakçılarını iki ölkə arasında mövcud iqtisadi əməkdaşlıq sahələri haqqında ətraflı məlumatlandırıb.
Dağlıq Qarabağ münaqişəsindən danışaraq problemin hər iki dövlət başçısının diqqət mərkəzində olduğunu vurğulayıb. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarları xatırladıb. Qeyd edib ki, qətnamələrdə Azərbaycan torpaqlarını işğal etmiş erməni silahlı qoşunlarının işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb edilsə də, Ermənistan bu qətnamələrə riayət etmir, beynəlxalq hüququ kobud şəkildə pozur.
Fransa ilə ölkəmiz arasındakı iqtisadi əməkdaşlıqdan müfəssəl danışan səfir Azərbaycandakı əlverişli biznes mühiti, həmçinin sərmayələrin qoyuluşu üçün münbit şərait yaradıldığını vurğulayıb.
“Böyük layihələr həyata keçirmək üçün imkanlar genişdir. Ancaq qeyd etdiyimiz ki, iqtisadi əməkdaşlıq sağlam siyasi mühitdən asılıdır”, - deyə R.Mustafayev vurğulayıb.
Səfir Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizi, TAP, TANAP kimi layihələrdən söz açıb. Ticarət və iqtisadi işbirliyinin möhkəm zəmin üzərində qurulmasının əhəmiyyətinə toxunub. Ölkəmizdə mövcud əlverişli investisiya və biznes mühitinin iqtisadi əməkdaşlığın genişləndirməsinə və qarşılıqlı sərmayə yatırımına münbit şərait yaratdığını vurğulayıb.
Ölkəmizə 800 fransız şirkətinin məhsulunun ixrac olunduğunu deyib. Səfir ölkəmizin iqtisadi göstəriciləri haqqında geniş təqdimat edib. İqtisadiyyatın müxtəlif sektorlarının sürətli inkişafına toxunub.
Sonra R.Mustafayev tədbirdə iştirak edən yerli şirkətlərin rəhbərlərini maraqlandıran sualları cavablandırıb.
Sonda Azərbaycanın dilbər guşələri, eləcə də Bakının “Ekspo 2025” universal sərgisinə namizədliyindən bəhs edən video çarxlar təqdim olunub.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Tuluz