ELM VƏ TƏHSİL
Azərbaycanlı geoloqlar Türkiyədə UNESCO-nun konfransında iştirak ediblər
Bakı, 5 noyabr, AZƏRTAC
Türkiyənin Antalya şəhərində UNESCO-nun təşkilatçılığı ilə “Dördüncü daş dövründə Xəzər dənizindən Aralıq dənizinə qədər olan ərazidə ətraf dəyişikliyi və bunun insanlara təsiri (2013-2018)” və “Ponto-Xəzər stratiqrafiyası və geoxronologiya (2017-2020)” mövzularında beynəlxalq konfrans keçirilib.
Tədbirdə ölkəmizi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) əməkdaşları -AMEA-nın müxbir üzvləri Dadaş Hüseynov, Tələt Kəngərli və Elmira Əliyeva təmsil ediblər.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, alimlər konfransda “Cənubi Xəzərdə palçıq vulkanlarının fəaliyyət dövrü və onun ətraf mühitə təsiri” və “UNESCO-nun geopark yaratmaq perspektivi Azərbaycanın geoloji irsinin qorunması üçün geoekoloji vasitədir” mövzularında məruzələrlə çıxış ediblər. Bundan əlavə, GGİ-nin əməkdaşları “Beynəlxalq Geoloji Elmlər Proqramı 610” (IGCP 610) layihəsi haqqında da məlumat veriblər. Bildirilib ki, layihənin əsas məqsədi regionlararası müxtəlif geoloji, arxeoloji və antropoloji məlumatları təmin etməklə Avroasiyanın geoloji tarixini daha dərindən araşdırmaq və onun ətraf mühitə, eləcə də insanlara təsirini öyrənməkdir.
Konfrans çərçivəsində, həmçinin Şərq-Qərb elmi dialoqunu gücləndirmək üçün əməkdaşlıq perspektivləri müzakirə edilib.