ELM VƏ TƏHSİL
Azərbaycanlı alim Mərmərə Universitetində türk xalqlarının ortaq əlifba problemlərindən danışıb
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə elmləri doktoru Elçin İbrahimov Türkiyənin Mərmərə Universitetində keçirilən “II Millətlərarası Çağdaş Türk Əlifbaları” simpoziumunda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, simpoziumda E.İbrahimov “Türk xalqlarının ortaq əlifba problemləri” mövzusunda məruzə ilə çıxış edib, ortaq əlifbanın türk xalqlarının milli-mədəni inteqrasiyasında mühüm rol oynayacağını diqqətə çatdırıb.
Simpoziumun sonunda iştirakçıların imzası ilə ortaq bəyannamə qəbul olunub, türk dünyası ortaq əlifbasının latın qrafikası əsasında hazırlanması bir daha yekdilliklə təsdiq və tövsiyə edilib. Həmçinin bəyannamədə ortaq əlifbaya türk dövlət və toplumlarının müvafiq qurumlarında baxılması və tətbiqi istiqamətində müəyyən vaxtlarda toplantılar keçirilməsi tövsiyə edilib.
Xatırladaq ki, 1991-ci ildə keçirilən birinci simpoziumda türk xalqlarının ümumi istifadəsi üçün 34 hərfdən ibarət ortaq əlifba layihəsi qəbul olunmuşdu və türk xalqlarının istifadəsi üçün tövsiyə edilmişdi.