“Ordum varsa - yurdum var” - Köçərli adına Respublika Uşaq Kitabxanasının növbəti tədbiri belə adlanır
Bakı, 21 dekabr, AZƏRTAC
Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Silahlı Qüvvələrin yaranmasının 100 illiyinə həsr edilmiş “Açıq dərs - açıq fikir” layihəsi çərçivəsində “Ordum varsa - yurdum var” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, C.Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Bəkir Orucov ordumuzun tarixi haqqında geniş məlumat verib.
Tədbir çərçivəsində Cümhuriyyət dövründə yaranmış Milli Ordumuzun tarixini əhatə edən kompozisiya da təqdim edilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyələndirilməsi, Azərbaycan generallarının keçdiyi ömür yolunu öyrənmək, yeniyetmələrdə hərbi vətənpərvərlik hissini alovlandırmaq, milli-mənəvi hissləri daha yüksək şəkildə dəyərləndirmək, habelə hərbi vətənpərvərlik tərbiyəsi işində onlara dəstək olmaqdır.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxış edərək layihə haqqında ətraflı məlumat verib.
Sonra tədbir iştirakçılarının bir qrupu diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb.
Sonda qonaqlar Respublika Uşaq Kitabxanası tərəfindən tərtib edilmiş “Ordum varsa - yurdum var” adlı kitab sərgisi ilə tanış olublar.