ELM VƏ TƏHSİL
"Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri AZƏRTAC-a ekskursiya ediblər VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
“Sevimli Bala” uşaq mərkəzi və AZƏRTAC-ın Uşaq Bilik Portalının birgə təşkilatçılığı ilə "Gənc Kəşfiyyatçılar Klubu"nun üzvləri agentliyə ekskursiya ediblər.
Ekskursiya zamanı uşaqlar AZƏRTAC-ın işi ilə tanış olublar. Onlara informasiyanın əldə edilməsi, hazırlanması və redaktə olunması haqqında məlumatlar verilib. Uşaqlar informasiyaların saxlandığı server otağı, rabitə, kitabxana və xarici dillərdə informasiya redaksiyası ilə tanış olublar.
Uşaqlar üçün informasiya bölməsində balacalara Bilik Portalının işi haqqında danışılıb. Agentlik tərəfindən onlar üçün yaradılan portalda müxtəlif cizgi filmləri, nağıllar, təbiət haqqında məlumatlar, tapmacalar və digər maraqlı materialların yerləşdirildiyi bildirilib. Eyni zamanda, burada uşaqların çəkdiyi rəsmlərin, yazdıqları şeir və hekayələrin də yayımlandığı diqqətə çatdırılıb.
Sonda uşaqlara hədiyyələr və Bilik Portalı haqqında bukletlər təqdim olunub.