“İlahi nitqin tərcümanı” - Respublika Uşaq Kitabxanasında keçirilən növbəti tədbir belə adlanır
Bakı, 30 aprel, AZƏRTAC
Aprelin 30-da Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İlahi nitqin tərcümanı” adlı tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində kitabxana əməkdaşları və təcrübəçi tələbələrin təqdimatında, Nəsimi yaradıcılığından “Ayrılır”, “Mənəm, mən”, “Neylərəm”, “Ağrımaz” və “Sığmazam” qəzəlləri, həmçinin, Nəsimi filmindən fraqmentlər və qəzəlləri əsasında hazırlanmış kompozisiyalar təqdim olunub.
Ədibin həyat və yaradıcılığından geniş danışılıb, bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirdiyi vurğulanıb.
Tədbir diskussiya şəklində davam edib.
Qeyd edək ki, tədbir oxucuları Nəsimi yaradıcılığı və fəlsəfəsi ilə yaxından tanış etmək məqsədi daşıyır.