“Bərpanəşr” layihəsi çərçivəsində uşaq kitabları təqdim edilib
Bakı, 29 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunmuş uşaq kitablarının təqdimatı keçirildi.
AZƏRTAC xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində keçirilən təqdimatı Respublika Kitabxana Kollektorunun direktoru Ələddin Əsədov açaraq “Bərpanəşr” layihəsi çərçivəsində hazırlanan kitabların əhəmiyyətindən danışıb. Qeyd edib ki, nümayiş olunan kitablar ötən əsrin əvvəllərindən 80-ci illərədək olan dövrdə çap olunan və kitabxananın qızıl fondunda saxlanılan əsərlərdir. Bu nəşrlərə yenidən həyat vermək uşaqların dünyagörüşünün və həyata baxışlarının daha yaxşı formalaşması üçün xüsusi əhəmiyyətə malikdir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova “Bərpanəşr” layihəsi çərçivəsində nəşr olunan uşaq kitabları haqqında geniş məlumat verib. Layihənin əhəmiyyətini vurğulayaraq bu istiqamətdə görülən işlərin davamlı olacağını qeyd edib.
Bildirib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bərpanəşr” layihəsi nadir kitabların yenidən çap olunub oxuculara təqdim olunmasında mühüm rol oynayır. 2016-cı ildən bu günə qədər layihə çərçivəsində uşaq ədəbiyyatı üzrə 58 adda kitab işıq üzü görüb. Bu kitabların bir neçəsi Türkiyədə “Zengin Yayınçılıq” nəşriyyatı tərəfindən çap olunaraq qardaş ölkənin oxucularına təqdim edilib. Bu gün isə 11 adda uşaq kitabını təqdim edirik.